3 AVQUST 2012
“Pasiyent hüquqları” ilə bağlı icmalarla görüşdə İSİM-in nümayəndəsi iştirak etdi
2012-ci il avqustun 3-də Ağdaşda “Pasiyent hüquqları” ilə bağlı icmalarla görüş keçirildi. Görüşdə mütəxəssislər, tibb işçiləri, müəllim və tələbə heyəti iştirak etdi.
Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin Səhiyyə Kommunikasiyası üzrə Proqram meneceri Ayla Ələsgərova “Pasiyent hüququ nə deməkdir?” mövzusunda təqdimatla çıxış etdi. İlk növbədə pasiyent hüququ ilə bağlı qanun və layihələrdən bəhs edən məruzəçi daha sonra əhalinin sağlamlığının qorunması haqqında qanun və maddələri nəzərə çatdırdı. Çıxış əsnasında iştirakçılar pasiyentin seçim etmə hüququ, riayət edilməsi vacib sayılan sanitariya və gigiyena qaydaları ilə tanış oldular. Məruzəçi həmçinin konsilium anlayışı, tibbi müdaxilə, sağlamlığın vəziyyəti barədə məlumat almaq hüququ, tibbi sənədlər, təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri, tibbi müdaxilədən imtina etmə hüququ və hüquq pozuntusuna görə şikayət, xüsusən də pasiyentin məxfilik hüququ barədə geniş məlumat verdi.
Təqdimatdan sonra iştirakçılar arasından seçilmiş könüllülərdən ibarət qrup rol oyunu nümayiş etdirdi. Qurulmuş səhnəciklərdə pasiyent və həkim rolunda çıxış edən iştirakçılar pasiyent hüquqları ilə bağlı əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etdilər. Səhnəcik sona çatdıqdan sonra fikir mübadiləsi aparıldı.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova Mərkəzin ümumi fəaliyyətindən və həyata keçirilən layihələrdən söhbət açdı. Məruzəçinin tütünlə mübarizə üzrə aparılan islahatlar, eləcə də “Diabet Məktəblərinin təşkili” layihəsi barədə çıxışı böyük maraqla qarşılandı. Əhalinin maarifləndirilməsi məqsədilə İSİM-də hazırlanmış bukletlər, plakatlar və video-çarxlarla bağlı təqdimat müzakirəyə səbəb oldu. 2012-ci ildə İSİM və 215KL studiyasının birgə əməkdaşlığı sayəsində çəkilmiş “Uşaqları tütün tüstüsündən azad mühitdə böyüdək!” adlı video-çarx haqqında məlumat xüsusi maraq doğurdu. İştirakçıların sualları cavablandırıldı.
Sonda İSİM-də çap olunmuş “Tütünə qarşı mübarizəyə mane olan 12 mif”, “İlkin səhiyyə səviyyəsində tütünçəkmənin dayandırılması üçün məsləhətlərin verilməsi”, “Vərəm və tütünçəkmə”, “Antibiotiklər: yanlış fikirlər və reallıq”, “İnsulin inyeksiyasının vurulma qaydaları” və bir sıra digər bukletlər iştirakçılara paylanıldı.