Azərbaycanda qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqata dair hesabatın təqdimatı oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

21 İYUN 2012

Azərbaycanda qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqata dair hesabatın təqdimatı oldu

Azərbaycanda qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı və Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) ilə birgə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilib. Araşdırmanın məqsədi qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin milli səviyyədə yayılmasını müəyyənləşdirmək və QİX-lərin qarşısının alınması və nəzarəti üzrə milli strategiyanın hazırlanması üçün əsas məlumatların toplanılmasıdır. Vəzifələrə QİX-lərin davranış risk amillərinin, bioloji risk amillərinin yayılmasını müəyyən etmək, QİX-lərin risk amillərinin yaş, cins və yaşayış yeri üzrə yayılmasının müqayisəli təhlilini həyata keçirmək, gələcəkdə müqayisə aparmaq üçün standart alətləri və metodologiyanı hazırlamaq, milli epidemioloji nəzarət/müşahidə sisteminin əsasını qoymaq aid edilib. Araşdırma zamanı sorğunun məqsədlərinə uyğunlaşdırılmış STEPS sorğu vərəqəsindən, fiziki və biokimyəvi müayinə üçün seçilmiş alətlərdən istifadə edilib. Seçmə iki mərhələdə, təsadüfi klaster seçmə metodologiyasına əsaslanaraq, Mərkəzi Seçki Komissiyasının məlumat bazası əsasında aparılıb. 2011-ci ilin fevral-aprelində sorğunun sahə işləri həyata keçirilib. Bakı və 9 iqtisadi rayonu (Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın) əhatə edən sorğu başa çatdıqdan sonra tamamlanmış vərəqələr elektron məlumat bazasına daxil edilib.

2012-ci il iyunun 21-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycanda qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə milli tədqiqata dair hesabatın təqdimatı oldu. Tədbirdə Səhiyyə Nazirliyinin baş və aparıcı mütəxəssislər, İSİM, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Bakı Baş Səhiyyə İdarəsi, İnformatika və Statistika İdarəsi, Respublika Endokrinoloji Mərkəzi, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, ÜST və AbtAssociates-in ekspertləri iştirak etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, tədqiqatın həyata keçirilməsində iştirak edən tərəfdaş təşkilatlara minnətdarlığını bildirdi. ÜST-ün hesablamalarına görə, Avropada xəstəliklərdən ölüm göstəricisinin 86%-nin məhz QİX-lərin payına düşdüyünə diqqəti çəkən direktor QİX-lərin profilaktikası və mübarizəsinə dair dünya üzrə həyata keçirilmiş fəaliyyətdən söhbət açdı. 2006-cı ildə ÜST-ün Avropa regional komitəsinin 56-cı sessiyasında QİX-lərin profilaktika və mübarizəsinə yönəlmiş hərtərəfli strategiyanın təsdiqləndiyini, 2011-ci ildə isə Bakıda keçirilmiş Avropa Regional Komitəsinin 61-ci sessiyasında QİX-lərin profilaktika və mübarizəsinə dair 2012-2016-cı illər üçün Fəaliyyət planının hazırlandığını və qəbul olunduğunu bildirən direktor Azərbaycanda da bu istiqamətdə mühüm addımların atılmasının vacibliyindən bəhs etdi. Bu məqsədlə ölkədə ilk dəfə keçirilmiş bu tədqiqatın əhəmiyyətini və araşdırma zamanı kifayət qədər maraqlı nəticələrin əldə olunduğunu vurğuladı. Həmçinin tövsiyə və təkliflər nəzərə alınmaqla, nəticələr əsasında gələcəkdə yekun hesabatın hazırlanacağını bildirdi.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin həkim-metodisti Raminə Məmmədova iştirakçıları qeyri-infeksion xəstəliklər haqqında qısa məlumatla tanış etdi. Qeyri-infeksion xəstəliklər, risk faktorları, QİX problemi, bu xəstəliklərlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətindən söhbət açan məruzəçi Azərbaycanda bu istiqamətdə görülən işlərdən, qəbul olunan qanunlardan və həyata keçirilən dövlət proqramlarından bəhs etdi.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədova tədqiqatın qeyri-infeksion xəstəliklərdən ən çox ölüm səbəbli və ümumi risk faktorları üzrə birləşən 4 qrup xəstəlik yönündə aparıldığını qeyd etdi.

Qeyri-infeksion xəstəliklərin risk amillərinin araşdırılması, metodologiyası və təşkili barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri, layihənin koordinatoru Töhfə Cəmilova məlumat verdi. Sorğunun keçirilmə səbəbləri, əsas məqsədlər və sorğu metodologiyası barədə ətraflı söhbət açan T.Cəmilova sorğuya hazırlıq işlərinin 2010-cu ilin noyabrından başlanıldığını bildirdi. Məruzəçi sorğuda iştirak etmək üçün yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları olmaqla, cəmi 2400 respondentin seçildiyini, əsas sorğunun keçirilməsindən əvvəl isə pilot sorğunun keçirildiyini vurğuladı. Məhz pilot sorğudan sonra intervüyerlərin bacarıqlarının və sorğu vərəqələrinin təkmilləşdirildiyini deyən layihə koordinatoru sahə işlərinin 10 qrup üzrə aparıldığını diqqətə çatdırdı. Sorğunun QİX-lərin risk amilləri üzrə etibarlı və davamlı məlumatların toplanması məqsədilə ÜST tərəfindən bu amillərin nəzarəti üçün hazırlanan STEPS yanaşması əsasında həyata keçirildiyi önə çəkildi.

Layihə eksperti Fuad İbrahimov Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk faktorları üzrə sorğunun nəticələrini təqdim etdi. Araşdırmada iştirak etmiş insanların demoqrafik göstəriciləri, tütündən, alkoqollu içkilərdən istifadə səviyyəsi, qidalanması, fiziki fəallığı və risk faktorlarının cəmi nəzərə çatdırıldı. Məruzədən sonra sorğu nəticələrinin qısa xülasəsinə nəzər yetirildi.

Sonda sorğu nəticələrinin gələcəkdə daha da təkmilləşdirilməsi, yeni araşdırmaların aparılması, əldə olunmuş statistik məlumatlardan istifadə edilməklə elmi məqalələrin hazırlanması, sorğu nəticələrinin digər ölkələrdə bu istiqamətdə keçirilmiş tədqiqatların nəticələri ilə müqayisə edilməsi, mütəmadi maarifləndirmə tədbirlərinin təşkil olunması məqsədilə təklif və tövsiyələr bildirildi. Həmçinin ekspertləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.