• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

23 APREL 2012

İSİM-də GDTHibHepB peyvəndinin Azərbaycan Respublikasının Milli İmmunlaşdırma Proqramına daxil edilməsinə həsr olunmuş konfrans keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsünə Azərbaycan ilk dəfə 2007-ci ildə qoşulub. Bu il Avropanın İmmunlaşdırma Həftəsi ölkəmizdə aprelin 23-28-də keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən immunlaşdırma həftəsinin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən GDTHibHepB peyvəndinin Azərbaycan Respublikasının Milli İmmunlaşdırma Proqramına daxil edilməsinə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub.

2012-ci il aprelin 23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) GDTHibHepB peyvəndinin Azərbaycan Respublikasının Milli İmmunlaşdırma Proqramına daxil edilməsinə həsr olunmuş konfrans keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) və İSİM-in təşkilatçılığı əsasında baş tutan tədbirdə tibb müəssisələrinin pediatrları, nevropatoloqları, epidemioloqları, eləcə də media nümayəndələri iştirak etdilər.

Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov Azərbaycanın da iştirak etdiyi immunlaşdırma həftəsinin əsas məqsədlərini diqqətə çatdırdı. Təkcə immunlaşdıma həftəsində deyil, bütün il boyu planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılmasının, bu istiqamətdə media ilə əlaqələrin qurulmasının vacibliyini önə çəkən direktor bu işdə səhiyyə kommunikasiyasının fəaliyyətinin rolundan bəhs etdi.

Konfransın ilk bölməsinə sədrlik edən Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı prof. Nəsib Quliyev Azərbaycanda immunlaşdırma həftəsinin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı. Dövlət səviyyəsində aparılan tədbirlərin, tədqiqat və monitorinqlərin qarşıya çıxan problemlərin həllinə yardımçı olduğunu bildirən N.Quliyev immunlaşdırma həftəsi çərçivəsində Bərdə və Xızıda 5 yaşadək uşaqlar arasında poliomielitə qarşı əlavə immunlaşdırma turlarının keçiriləcəyi, Gəncə, Bərdə və Xızıda həkimlər üçün təlimlərin təşkil olunacağı barədə məlumat verdi.

Daha sonra “2011 ilin yekunlarına əsasən GDTHibHep peyvəndinin Azərbaycanda tətbiqi” mövzusunda məruzələr dinlənildi.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Afaq Əliyeva GDTHibHep peyvəndinin milli immunlaşdırma proqramına daxil edilməsi, 2011-ci ilin nəticələrinə görə, respublikada GDTHibHep peyvəndinin yerinə yetirilməsinin vəziyyəti barədə çıxış etdi. Təqdimatda peyvəndin tətbiq edildiyi ölkələrdən, Azərbaycanda peyvəndin tətbiqi istiqamətində respublika səviyyəsində görülmüş işlərdən söhbət açıldı. İştirakçılar eyni zamanda 2012-ci il üçün nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırıldı.

“GDTHibHep peyvəndinin immunlaşdırma proqramında tətbiqinin monitorinqi” mövzusunda Respublika GEM-in əməkdaşı Gülafət Azadəliyeva təqdimat etdi. Monitorinqin məqsədi, vəzifələri və nəticələrindən bəhs edən G.Azadəliyeva problemlər, nailiyyətlər və monitorinqlə bağlı təklifləri də diqqətə çatdırdı.

Respublika GEM-in baş direktorunun müavini Vaqif Abdullayevin sədrliyilə konfransın II bölməsi “İmmunlaşdırma proqramının gücləndirilməsində əsas strategiyalar” mövzusuna həsr olundu.

Respublika GEM-in əməkdaşı Dilarə Axundova iştirakçıları Vaksinlərin effektiv idarə olunmasına dair Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin tətbiqi ilə bağlı məlumatlandırdı.

“2009-2011-ci illər üzrə invaziv bakterial xəstəliklər üzərində kəşfiyyat xarakterli epidemioloji nəzarətin təhlili” mövzusunda Respublika GEM-in əməkdaşı Donara Quliyeva məruzə etdi.

Pnevmokokk infeksiyasına qarşı peyvəndin dünyada tətbiqi təcrübəsindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisinin Yoluxucu xəstəliklər üzrə Milli proqram mütəxəssisi Vüsalə Allahverdiyeva söhbət açdı.

Konfransın yekun tövsiyələri nəzərə çatdırıldıqdan sonra məruzələr ətrafında fikir mübadiləsi aparıldı. Suallar cavablandırıldı.

Sonda iştirakçılara İSİM-də hazırlanmış və çap edilmiş “Peyvənd təqvimi” mövzusunda plakat paylanıldı.