17 APREL 2012
17 aprel – Dünya Hemofiliya Günüdür
Hemofiliya qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik irsən oğlan uşaqlarına ötürülür. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahını, radiasiyalı ətraf mühiti, qida və tütün məmulatlarının təsirini göstərirlər. Hemofiliya dünyanın bir çox ölkələrində, əsasən, Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində yayılıb. Hazırda dünyada təxminən 400 min nəfər hemofiliyalı xəstə vardır. Azərbaycanda isə bu xəstəlikdən 1000-dən çox insan əziyyət çəkir.
Ciddi xəstəlik hesab edilən hemofiliya vaxtında aşkarlanmazsa, ölümlə nəticələnə bilər. Bu gün dünyada hemofiliya xəstəliyinin tanınması və əhalinin kifayət qədər məlumatlandırılması üçün davamlı tədbirlər görülür. 17 aprelin Dünya Hemofiliya Günü kimi elan edilməsi bu tədbirlərin ən əlamətdarıdır. Dünya Hemofiliya Günü hazırda dünyanın 116 ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.
Dünya Hemofiliya Gününün keçirilməsi təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Hemofiliya Federasiyasına məxsusdur. İlk dəfə 1989-cu ildə keçirilmiş Dünya Hemofiliya Günü hər il yeni deviz altında qeyd olunur. Keçirilən tədbirlərin ümumi məqsədi cəmiyyətin diqqətini hemofiliya ilə bağlı bu və ya digər problemə yönəltmək, hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Nəinki hemofiliyalı xəstələrin, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən kişilərin və həmçinin qadınların müalicəyə əlçatanlığına diqqəti cəlb edən Ümumdünya Hemofiliya Federasiyasının bu ilki şüarı “Qan laxtalanmasının müxtəlif xəstəlikləri”dir. 2012-ci ildə 23-cü dəfə qeyd olunan Dünya Hemofiliya Günü üçün Ümumdünya Hemofiliya Federasiyası videomüraciət hazırlayıb.
Azərbaycanda da hemofiliyalı xəstələrə qayğı göstərilməsi və əhalinin hemofiliya xəstəliyi barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 2.1-ci bəndinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzində plakat hazırlanıb və çap edilib. Fəaliyyət davam etdirilir.