İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 APREL 2012

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2012-ci il aprelin 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, «Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi» İctimai Birliyi, “Save the Children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyəti barədə qısa məlumat verdilər. Eyni zamanda onlar növbəti aylar üçün planlaşdırılmış işlərdən söhbət açdılar.

Vişnevskaya-Rostropoviç Fondunun koordinatoru Şahin Ağayev məlumat verdi ki, aprel ayında Sabirabad və Şirvanda yenidoğulmuşlarda hepatit B virusunun aşkarlanması üzrə proqramın həyata keçirilməsinə başlanılması planlaşdırılır. Bu proqramın həyata keçirilməsi üçün keçən ay müvafiq danışıqlar aparılıb.

ÜST-nin koordinatoru Samir Mehdiyev 7 aprel Dünya Sağlamlıq Günü ilə bağlı keçirilən bir sıra tədbirlərdən bəhs etdi. O vurğuladı ki, 2012-ci ildə bu günün mövzusu “Sağlamlıq ömrü uzadır” devizi altında yaşlanma və sağlamlıq məsələlərinə həsr olunub və sağlamlıq yaşlı kişi və qadınların bütün həyatı boyunca dolğun və səmərəli həyat sürməsinə yardım edir. S.Mehdiyev həmçinin ÜST-nin 2012-ci il Dünya Səhiyyə Günü ilə əlaqədar video-çarx hazırladığını və həmin video-çarxın İctimai TV-də nümayiş olunduğunu da iştirakçıların nəzərinə çatdırdı. Daha sonra həmin video-çarx nümayiş olundu.

“Save the Children” təşkilatının əməkdaşı Nərgiz Səfərəliyeva aprelin 3-də İSİM-də keçirilmiş “Ana və uşaq sağlamlığına inteqrasiya proqramı” (MCHİP) çərçivəsində hazırlanmış tədris videomateriallarının təqdimatı haqqında söz açdı. O, tədris videomateriallarının “Sağlam yenidoğulmuşa qulluq” və “Yenidoğulmuşların ilkin reanimasiyası” üzrə klinik protokolların tətbiqinin təkmilləşdirilməsi məqsədilə İSİM və “Save the Children” təşkilatının birgə əməkdaşlığı sayəsində ərsəyə gəldiyini qeyd etdi.

AbtAssociates təşkilatının nümayəndəsi Nərmin Əfəndiyevə “Uşaqlarda vərəm” üzrə klinik protokolun hazırlandığını nəzərə çatdırdı.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov “Könüllü müayinə və məsləhət kabineti”nin yaradılması üzrə aparılan işlərdən danışdı. O qeyd etdi ki, bu günə kimi 20-yə yaxın bu cür kabinet yaradılıb və artıq fəaliyyət göstərir.

“Sağlam həyat tərzi” layihəsinin milli koordinatoru Azad Hacıyev martın 20-24-də Sinqapurda keçirilmiş Tütün və ya Sağlamlıq üzrə Dünya Konfransı haqqında danışdı. Konfransın məqsədinin tütünə nəzarət istiqamətində yerli, regional və beynəlxalq əməkdaşlığı yaratmaq olduğunu bildirdi. O, iştirakçıların nəzərinə çatdırdı ki, 15-ci dəfə baş tutan Konfransda Azərbaycandan İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirak edib.

Toplantıda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə assistenti Sevil Qəmbərova və başqaları çıxış etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs edərək, ötən aylar ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verdi. Çıxışda Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə məlumatların elektron bazaya daxil edilməsi üzrə işlərin davam etdiyi vurğulandı. C.Məmmədov ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər üçün hazırlanmış “Tütünçəkmədən imtina etmə” üzrə klinik protokolun Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildiyini iştirakçıların nəzərinə çatdırdı. O həmçinin keyfiyyətə nəzarət və inkişaf baxımından dəstəkləyici nəzarətin zəruriliyini qeyd edərək bildirdi ki, aprelin 10-da “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi üzrə yekun hesabat təqdim olunub. Daha sonra direktor nəzərə çatdırdı ki, vərəm mövzusunda poster və lifletlər çap olunub və göndəriləcək müəssisələrin siyahısı artıq tərtib edilib. Bundan başqa, hemofiliya mövzusunda plakat çap olunub, bu plakat 17 aprel Dünya Hemofiliya Gününə həsr olunub.

Sonda «Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi» İctimai Birliyinin sədri Vüsalə Xəlilova təşkilatın yaranma tarixi, hazırkı fəaliyyəti haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, Portec proqramı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbəqədər müdaxilə sistemidir. V.Xəlilova çıxışı zamanı təşkilatın nəzərdə tutulan bir sıra tədbirlərindən, gördüyü işlərdən bəhs etdi.

Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.