• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

10 APREL 2012

“Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi üzrə yekun hesabat təqdim olundu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə birgə BMT-nin Uşaq Fondunun (UNICEF) maliyyə dəstəyilə 2011-ci ilin fevralından 2012-ci ilin fevralınadək Bakının 10 tibb müəssisəsində “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi həyata keçirilib. Layihənin məqsədi neonatal və doğum xidmətləri sahəsində keyfiyyətin yaxşılaşdırılması üçün dəstəkləyici monitorinq təşəbbüsünün pilot qaydada sınaqdan keçirilməsidir. Bu layihə müvafiq işçiləri təlimatlandırmaqla, onlar üçün aydın qaydada müəyyənləşdirilmiş öhdəlikləri təyin etməklə və təlimatlandırılmış nəzarətçiləri lazımi monitorinq vasitələri ilə təmin etməklə keyfiyyətin cari monitorinq sistemi çərçivəsində dəstəkləyici nəzarət yanaşmasını tətbiq etməyi təklif edib.

Layihə nəticəsində seçilmiş səhiyyə müəssisələrinin aparıcı işçi heyəti perinatal qayğı keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici nəzarət üzrə təlimatlandırılıb. Həmçinin baş həkimlərin müalicə işləri üzrə müavinləri və aidiyyəti şöbə müdirlərinin iştirakı ilə “Keyfiyyətin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət” mövzusunda təlim keçirilib, bu müəssisələrin mütəxəssisləri ilə birgə dəstəkləyici nəzarət prinsiplərinə əsaslanan keyfiyyətin davamlı yaxşılaşdırılması üzrə monitorinqlər aparılıb. 2011-ci il sentyabrın 22-də isə İSİM-də layihə çərçivəsində 2011-ci ilin fevral-iyun aylarında aparılmış fəaliyyətin nəticələrinin təhlili üzrə Dəyirmi Masa keçirilib.

2012-ci il aprelin 10-da Grand Avropa Otelinin “Bakı” zalında “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi üzrə yekun hesabat təqdim olundu. Görüşdə Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi, İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Respublika Perinatal Mərkəzi, BMT-nin Uşaq Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Abt Associates, bir sıra Qadın məsləhətxanaları və Doğum evlərini təmsil edən nümayəndələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri, layihənin koordinatoru Lütfi Qafarov Səhiyyə Nazirliyinin tibbi xidmətlərin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs etdi. O cümlədən beynəlxalq əməkdaşlıq sayəsində bir sıra layihələrin həyata keçirildiyini vurğuladı. Layihə barədə ümumi məlumat verən L.Qafarov bu fəaliyyətin səhiyyə sistemindəki əhəmiyyətindən söhbət açdı.

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa səhiyyədə keyfiyyətin yaxşılaşdırılmasına yardım edən bu layihənin Azərbaycan səhiyyəsində yenilik olduğunu bildirdi. Keyfiyyətə nəzarət və inkişaf baxımından dəstəkləyici nəzarətin zəruriliyini qeyd edən R.Mustafa tərəfdaşlar arasında müzakirələr zamanı bir sıra irəliləyişlərə nail olunduğunu nəzərə çatdırdı.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva dövlət siyasəti nəticəsində Azərbaycan səhiyyəsində davamlı inkişafın olduğunu qeyd etdi. Ana və uşaq sağlamlığının Minilliyin inkişaf məqsədlərinə daxil olduğu barədə məlumat verərək layihənin də məhz buna görə neonatal və doğuşayardım xidməti istiqamətində aparıldığını vurğuladı. Həmçinin İSİM tərəfindən hazırlanmış klinik protokolların mütəmadi qaydada əhaliyə göstərilən tibbi yardımın monitorinq edilməsi üçün istifadə olunduğunu bildirdi.

İSİM-in direktoru Ceyhun Məmmədov layihənin önəmini vurğuladı. Birgə əməkdaşlıq sayəsində bu uğura nail olunduğunu qeyd edən direktor layihə iştirakçılarına öz təşəkkürünü bildirdi. Dəstəkləyici nəzarətin gələcəkdə artıq pilot layihə kimi deyil, institut, təşkilat səviyyəsində həyata keçirilməsinin vacibliyini vurğuladı.

Layihə üzrə yekun fəaliyyətlə bağlı hesabatı İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin həkim-metodisti Teymur Hüseynov təqdim etdi. Dəstəkləyici nəzarət və səhiyyə xidmətlərinin davamlı yaxşılaşdırılması istiqamətində təlimlərin keçirildiyi və müsahibələrin aparıldığı barədə məlumat verdi. Dəstəkləyici nəzarətin səhiyyə xidmətlərində keyfiyyətin davamlı təkmilləşdirilməsinin əsas komponenti olduğunu bildirən T.Hüseynov dəstəkləyici nəzarət, doğuşayardım və neonatal xidmətlərin davamlı yaxşılaşdırılması layihəsinin 1 il ərzində icrası zamanı problemlərin aşkarlanması, səbəblərin araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi üçün seçilmiş alətlərin effektivliyindən söhbət açdı. Eyni zamanda layihənin gedişində nail olunmuş keyfiyyət göstəricilərindən bəhs edildi. Layihə nəticəsində dəstəkləyici nəzarətin tibbi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir göstərdiyi diqqətə çatdırıldı. Eləcə də sübutlu təbabətə əsaslanan klinik protokollara marağın artmasının təqdirəlayiq hal olduğu bildirildi.

Eyni zamanda problemlərin həll edilməsində obyektiv və subyektiv çətinliklərin olduğunu qeyd edən T.Hüseynov mövcud problemlərin həlli və xidmətlərin keyfiyyətinin artırılması üçün müəssisə rəhbərlərinin daha çox səy göstərmələrinin, işçilərin təkmilləşdirilməsi məqsədilə alternativ yolların axtarılmasının zəruriliyini vurğuladı. Müəssisənin daxilində daimi nəzarətin gücləndirilməsinin də əsas vəzifələrdən biri olduğu nəzərə çatdırıldı.

Nailiyyətlər, çətinliklər və gələcək planlar barədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Mamalıq bölməsinin baş elmi işçisi Mehriban Həsənova məruzə etdi.

“Dəstəkləyici Nəzarət prinsipləri DKY-si üçün: beynəlxalq təcrübə” mövzusunda BMT-nin Uşaq Fondunun Səhiyyə Proqramının rəhbəri Təhminə Tağızadə təqdimat etdi. Çıxış əsnasında Azərbaycanda ana və körpə sağlamlığına diqqət edildiyindən söhbət açıldı. Eləcə də dəstəkləyici nəzarət istiqamətində Azərbaycanla birgə həyata keçirilmiş beynəlxalq layihələr barədə məlumat verildi.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva layihənin tibb müəssisələrində xidmətin yüksəldilməsinə verdiyi töhfədən danışdı. Məruzədə klinik protokollardan bu prosesdə mütəmadi istifadənin zəruriliyi vurğulandı. Dəstəkləyici nəzarətin bundan sonra da səhiyyədə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli olacağı bildirildi.

Sonda layihə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.