14 MART 2012
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2012-ci il martın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, “Həyat”, “Save the Children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyəti barədə qısa məlumat verdilər. Eyni zamanda onlar növbəti aylar üçün planlaşdırılmış işlərdən söhbət açdılar.
Toplantıda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov, Rostropoviç-Vişnevskaya Fondunun direktoru Soltan Məmmədov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə assistenti Sevil Qəmbərova, ÜST-nin koordinatoru Samir Mehdiyev, “Save the Children” təşkilatının əməkdaşı Nərgiz Səfərəliyeva və başqaları çıxış etdilər. Məruzə zamanı iştirakçılar 24 mart Ümumdünya Vərəm Gününə həsr olunan, təşkilatlar tərəfindən keçirilən və keçiriləcək maarifləndirmə tədbirlərindən, çap olunan maarifləndirmə nəşrlərindən söz açdılar.
İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs edərək ötən aylar ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verdi. Çıxışda Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə məlumatların elektron bazaya daxil edildiyindən söhbət açıldı. C.Məmmədov Səhiyyə Nazirliyi tərəfindən daha 2 yeni klinik protokolun təsdiqləndiyini, digər klinik protokollar üzərində isə işlərin davam etdiyini nəzərə çatdırdı. O həmçinin bildirdi ki, vərəm mövzusunda plakat çap olunur və hazırda göndəriləcək müəssisələrin siyahısı tərtib edilir.
«HƏYAT» Humanitar Təşkilatının layihə assistenti Ülviyyə Mehrəliyeva təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, “Məcburi köçkünlərin psixiki-sosial reabilitasiyası”, “Miqrasiya Sektorunun İnkişafı”, “Cənubi Qafqazda regional əməkdaşlıq” və digər layihələr barəsində geniş məruzə etdi. Ü. Mehrəliyeva çıxış zamanı təşkilatın Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə nəzərdə tutulan bir sıra tədbirlərindən, gördüyü işlərdən bəhs etdi.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.