4 MART 2010
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Maraqlı tərəflərin təhlili: Azərbaycanda Ailə təbabətinin tətbiqi” üzrə tədbir keçirildi
2010-cu il mart ayının 4-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Abt Associates təşkilatı tərəfindən “Maraqlı tərəflərin təhlili: Azərbaycanda Ailə təbabətinin tətbiqi” üzrə tədbir keçirildi.
Tədbiri açılış nitqi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov açaraq respublikamızda ailə təbabəti sahəsinin vəziyyəti, əldə olunan nailiyyətlər və perspektivləri barədə qısa məlumat verdi.
Tədbir “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” layihəsinin məsləhətçisi Fuad İbrahimovun “Maraqlı tərəflərin təhlili: Azərbaycanda Ailə təbabətinin tətbiqi” haqqında təqdimatı ilə davam etdi. Təqdimat zamanı Fuad İbrahimov ümumiyyətlə maraqlı tərəflərin təhlili anlayışı, onun xüsusiyyətlərinin təhlil edilməsi, bu təhlilin faydaları haqqında fikirlərini iştirakçılarla bölüşdü. Daha sonra ölkəmizdə bu təhlilin aparılması fazaları, metodologiyası və mərkəz səviyyəli və rayon səviyyəli maraqlı tərəflər, bu təhlilin üstünlükləri və çatışmayan cəhətləri haqqında ətraflı məlumat verildi. Fuad İbrahimov çıxışını maraqlı tərəflərin təhlili ilə bağlı təhlili ilə bitirdi və iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Respublikamızda ailə təbabəti sahəsi yeni bir sahə olduğu üçün iştirakçılar arasında bir çox suallar doğurdu və tədbir intensiv müzakirələrlə başa çatdı.
Tədbirdə millət vəkili İlham Məmmədov, Ümumdünya Səhiyyə Təşkilatı, Təcili Yardım Stansiyası, Ə.Əliyev adında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Abt Associates və İSİM-in nümayəndələri iştirak etdilər.