13 OKTYABR 2011
İSİM-də Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun keçirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti görüşü keçirildi
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) əsaslanaraq, Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə də ana və beş yaşadək uşaq ölümünün azaldılması üzrə vəzifələri nəzərə alaraq, 2011-ci ildə həyata keçirilən Demoqrafiya və Sağlamlıq sorğusu (DSS) əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, eləcə də təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşıyır. DSS-in aparılması Səhiyyə Nazirliyinin əmrilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) tapşırılıb.
2011-ci il oktyabrın 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq sorğusunun keçirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov DSS-2011 barədə ümumi məlumat verdi. DSS-2011-in koordinatoru Töhfə Cəmilova sorğunun sahə işlərindən bəhs etdi: “Avqustun 1-dən başlayaraq, DSS üzrə sahə işləri respublikanın bütün regionlarını əhatə edib. Əvvəlcədən tərtib olunmuş qrafiklərə uyğun aparılan sorğunun oktyabrın 24-də başa çatdırılması nəzərdə tutulub”.
Sahə işlərinin supervayzer və intervüyerlərdən ibarət 10 qrup tərəfindən həyata keçirildiyini qeyd edən T.Cəmilova sorğunun texniki tərəflərindən söhbət açdı. Çıxışda sorğu zamanı İSİM-in yerli icra hakimiyyəti orqanları və tibb müəssisələri ilə uğurlu məlumat mübadiləsinin aparıldığından da bəhs edildi.
DSS-2006-nın təcrübəsi nəzərə alınaraq, əhalinin sorğuda iştirakı üçün əlavə tədbirlərin görülməsi məqsədilə, Bakı üzrə əhatə olunan rayonlarda mənzil-kommunal təsərrüfatları birliklərinə baş çəkilərək siyahı üzrə respondentlərin, mənzil-kommunal təsərrüfatlarının həmin ərazidə keçiriləcək sorğu haqqında məlumatlandırıldığı və respondentlərin sorğuya cəlb edilməsində dəstəyin təmin edildiyi nəzərə çatdırıldı.
Sorğunun sahə işlərinin gedişi ilə yanaşı, İSİM-də də müvafiq işlərin görüldüyünü, anketlərin bir daha redaktə edilib kodlaşdırıldığını vurğulayan T.Cəmilova bu məqsədlə elan əsasında İSİM-ə dəvət olunmuş operatorlara təlimlərin keçirildiyi barədə də iştirakçıları məlumatlandırdı.
Yekunda koordinator təhlilin nəticələrinin və son hesabatın 2012-ci ilin sonuna kimi təqdim olunacağını bildirdi.