23 SENTYABR 2011
“Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində sorğuya başlanıldı
Azərbaycanda əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək məqsədilə BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə tədqiqat həyata keçirilir. BMT-nin Əhali Fondu tərəfindən maliyyələşdirilən tədqiqat Azərbaycanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzilə (İSİM) birgə “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi şəklində aparılır. Dekabrın 31-nə kimi davam edəcək layihənin məqsədi əhalinin müasir kontraseptiv üsullardan istifadəsinin aşağı səviyyədə olmasının səbəblərini öyrənməkdir. Bunun üçün hədəf auditoriya və səhiyyə sistemi işçiləri arasında sorğu keçirilir.
2011-ci il sentyabrın 23-dən etibarən İSİM-də “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində sorğuya başlanıldı. Bakıda, eləcə də regionlarda keçirilən sorğuda hədəf auditoriya və səhiyyə sistemi işçiləri iştirak edirlər. Sorğunu aparanlar İSİM-də təlim keçmiş şəxslərdir.
İnformasiya mənbələri icmalarda fokus qrup müzakirələri, maraqlı tərəflərlə müsahibələr, toplanılacaq maraqlı əhvalatlardır. Sorğuda maraqlı tərəflər isə icma liderləri, dini xadimlər, qadın təşkilatlarının rəhbərləri, səhiyyə işçiləri, donor təşkilatlarının nümayəndələridir.
Fokus qrup müzakirələri reproduktiv yaşda olan kişilər və qadınlar, həmçinin gənclər arasında keçirilir. Müzakirələrdə ailə planlaşdırılması xidmətlərindən istifadə ilə bağlı suallar verilir. Cavablar əsasında sorğunu aparanlar fokus qrupun müzakirəsini təhlil edirlər.
Sorğu oktyabrda bitməlidir. Fokus qrup müzakirələrinin və müsahibələrin nəticələri təhlil edilərək ölkə üzrə hesabat hazırlanacaq.