10 AVQUST 2011
Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri davam edir
2011-ci il avqustun 1-dən start götürən Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri davam edir. Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.
Hazırda 10 qrup üzrə supervayzerlər və intervüyerlər əvvəlcədən müəyyən edilmiş ev təsərrüfatlarında sorğu aparırlar.
Səyyar sorğu işlərinin oktyabrın sonuna kimi aparılması nəzərdə tutulur. Sorğunun nəticələri səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir.
Artıq avqustun 10-da Kürdəmirdə və Ağdaşda sorğu işləri tamamlanıb. Bakının Xəzər, Qaradağ rayonlarında, Abşeron rayonunda, Lənkəranda, Qubada, Bərdədə, Zaqatalada, Tovuzda tədqiqat davam etdirilir. Avqust ayı üzrə növbəti günlərdə isə Bakının Suraxanı, Sabunçu və Nərimanov rayonları, Astara, Lerik, Qusar, Xaçmaz, Tərtər, Ağdam, Ucar, Göyçay, Mingəçevir, Yevlax, Balakən, Şəki, Qazax və Ağstafa üzrə sorğuya başlanılacaq.
Sorğunun həyata keçirilməsində yerli İcra Hakimiyyəti orqanlarının rolunu xüsusi vurğulamaq lazımdır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasında keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu ilə bağlı mütəmadi olaraq, kütləvi informasiya vasitələri, eləcə də “Az.TV” və Gəncənin “Kəpəz TV” kanalları ilə ictimaiyyətə məlumatlar və müsahibələr çatdırılıb.