28 İYUL 2011
Azərbaycanda Körpə və azyaşlı uşaqlarınqidalanmasının qiymətləndirilməsinə dair hesabatın təqdimatı keçirildi
Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında imzalanmış 2010-cu il üzrə İllik İş Planına əsasən, “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsinin keçirilməsi planlaşdırılıb. Bu layihənin icrası İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub.
Müəyyən edilmiş ekspert qrupu “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsi çərçivəsində tibb işçiləri, eləcə də 2 yaşa qədər uşaqları olan qadınlar arasında sorğu aparıb. Daha sonra marketlərdə monitorinq həyata keçirilib və azyaşlı uşaqlar üçün satışa çıxarılan mövcud qida məhsullarının keyfiyyət göstəriciləri qeyd olunub. Əldə edilmiş məlumatlar səhiyyə sahəsində daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün ölkəmizə yardım edəcək. Sorğunun nəticələri əsasında regionlarda mövcud problemlər təhlil edilib, həll yolları araşdırılacaq.
2011-ci il iyulun 28-də “Dalğa” Plazada Azərbaycanda körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsinə dair hesabatın təqdimatı keçirildi. Dəyirmi masada Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu, Səhiyyə Nazirliyinin Kubra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, ATU, İSİM və digər aidiyyatı təşkilatların nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard körpə və azyaşlı uşaqların qidalanmasının qiymələndirilməsinin həllinə yönəlmiş işlərin vacibliyini vurğuladı: “Hazırlanmış sənəddə gələcəkdə görüləcək tədbirlərin əsası qoyulmuşdur. Tədqiqat nəticəsində bir sıra məlumatlar əldə olunmuşdur. Burada müsbət və narahatlıq yaradan məqamlar vardır. Vəziyyətin yaxşıya doğru dəyişməsi üçün tibb işçilərinin üzərinə böyük vəzifə düşür. Anaların ana südü ilə qidalandırmanın əhəmiyyəti barədə məlumatlandırılması burada ön plana keçir. Hesab edirəm ki, bu tədqiqatın gələcəkdə müsbət nəticələri olacaqdır.”
İSİM-in direktoru Ceyhun Məmmədov təqdiqatın Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun birgə layihəsi çərçivəsində aparıldığını qeyd etdi. Növbəti addımların aparılması, problemlərin həlli yolunda Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsinin əhəmiyyətli rolundan bəhs etdi.
İSİM-in əməkdaşı, Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi layihəsinin əlaqələndiricisi Nərgiz Mövsümova Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsinə dair hesabatın təqdimatını etdi. Məruzədə körpə və azyaşlı uşaqların qidalanmasının təmin olunması üçün keçirilmiş tədbirlərdən söz açdı: “Qiymətləndirmənin məqsədi ana və tibb işçilərinin körpə və azyaşlı uşaqların qidalandırılması haqqında bilik, yanaşma və təcrübələrinin qiymətləndirilməsi vasitəsilə uşaqların qidalandırılması sahəsində mövcud vəziyyətin, eləcə də marketlərdə satılan uşaq qidalarının mövcudluğunun, bu qidanın üzərindəki informasiyanın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsidir”. N.Mövsümova qiymətləndirmənin vəzifələri və hədəf qrupları barədə də danışdı. Sorğu və müşahidə vasitəsilə aparılan araşdırma üsullarından söz açan layihə əlaqələndiricisi sorğunun keçirilməsi üçün seçmə barədə ətraflı məlumat verdi. Sorğunun keçirilməsindən əvvəl intervüyerlərə təlimin keçirildiyi və lazımi məlumatların toplanıldığı nəzərə çatdırıldı. Təqdimatda statistik məlumatlar qrafik təsvirlərdə öz əksini tapdı.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin Səhiyyə Proqramının rəhbəri Təhminə Tağızadə də “Körpə və erkən yaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etdi. Qiymətləndirilmənin aktuallığından və əsas faktlardan bəhs edən T.Tağızadə qiymətləndirilmənin aparılmasında baza rolunu oynayan sənədlər barədə danışdı. Eyni zamanda körpə və azyaşlı uşaqların qidalanmasına dair Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Uşaq Fondunun tövsiyələrini və əsas sənədlərini diqqətə çatdırdı. Məruzə əsnasında döşlə qidalandırılmanın müdafiəsi, möhkəmləndirilməsi və dəstəklənməsi istiqamətində görülmüş işlərdən də söhbət açıldı.
Müzakirə zamanı Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev, SN-nin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva, SN-in baş ginekoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsinin müavini Rəşed Mustafa təqdimatlara dair münasibət bildirdi, təklif və tövsiyələrini nəzərə çatdırdı.