8 İYUL 2011
Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələri üçün sağlamlıq məsələlərində maarifləndirmə potensialının möhkəmləndirilməsi məsələləri, sağlamlığın gücləndirilməsi, risklərin kommunikasiyası üzrə Almatıda keçirilən seminarda Azərbaycan da iştirak etdi
2011-ci il iyulun 4-8-də Qazaxıstanın Almatı şəhərində Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələri üçün sağlamlıq məsələlərində maarifləndirmə potensialının möhkəmləndirilməsi məsələləri, sağlamlığın gücləndirilməsi, risklərin kommunikasiyası üzrə seminar keçirildi. Görüşün təşkili Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi və Sağlam Həyat Tərzinin Formalaşma Problemləri Milli Mərkəzinin əməkdaşlığı ilə həyata keçirildi.
Moldova, Kosovo, Şotlandiya, İsveçrə, Kanada, İtaliya, Sloveniya, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Ukrayna, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Gürcüstan və Ermənistanın Səhiyyə Nazirliyi, İctimai Səhiyyə Təşkilatları və Sağlam Həyat Tərzinin təbliğatı üzrə İnstitutları, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondunun nümayəndə heyətinin qatıldığı tədbirdə Azərbaycandan Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), eləcə də BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak etdilər.
Seminarın keçirilməsində məqsəd seçilmiş pilot ölkələrdə sağlamlığın gücləndirilməsi sisteminin inkişafı prosesinin katalizatoru olmaq və onların ictimai səhiyyənin təkmilləşdirilməsi məqsədilə sağlamlıq məsələlərilə bağlı, o cümlədən fövqəladə hallar zamanında əhalinin maarifləndirilməsi üçün daimi effektiv iş aparmaq imkanlarını təmin etməkdir. Əsas vəzifə ölkələrin topladığı təcrübənin nəzərdən keçirilməsi, təhlili, davamlı və effektiv sağlamlığın gücləndirilməsinə mane olan səhiyyə sistemində əsas boşluqların müəyyənləşdirilməsi, sağlamlığın gücləndirilməsi sisteminin yaradılması və təbliğatı üzrə milli fəaliyyət planlarının layihəsinin hazırlanmasıdır.
Təntənəli açılışda Qazaxıstanın Səhiyyə nazirinin müavini Erik Bayjunusov və BMT-nin Uşaq Fondunun Qazaxıstandakı nümayəndəsinin müavini Radoslav Jekax çıxış etdilər. Seminarın ilk günündə gözlənilən nəticələr, sağlamlığın effektiv gücləndirilməsi sistemində əsas boşluqlar və inkişaf üçün imkanlar müəyyənləşdirildi.
“Sağlam həyat tərzinin irəliləyişi üçün ölkə təcrübəsinin təqdimatı: imkanlar və çətinliklər” mövzusunda Qazaxıstan, Gürcüstan, Moldova, Bosniya və Herseqovinadan nümayəndələrin təqdimatları oldu. Daha sonra seminar iştirakçıları Sağlam Həyat Tərzinin Formalaşma Problemləri Milli Mərkəzinə baş çəkdilər.
Növbəti günlərdə Kanada, Şotlandiya, Sloveniyanın nümayəndələri təmsil etdikləri ölkələrin sağlam həyat tərzinin irəliləyişi istiqamətində təcrübə barədə təqdimat etdilər. Sağlamlığın effektiv gücləndirilməsi sistemində əsas komponentlər müəyyənləşdirildi.
Təqdimatlardan sonra sağlamlığın gücləndirilməsi üçün strategiyaların müəyyən edilməsi yönündə fikir mübadiləsi aparıldı. “Sağlamlığın gücləndirilməsi proqramının nəzəri prinsipləri – sağlamlığın gücləndirilməsi proqramının 5 sahəsinin nəzərdən keçirilməsi: fərdlərin, cəmiyyətin imkanlarının və səhiyyə sisteminin gücləndirilməsi, sektorlararası əməkdaşlıq, sağlamlığın gücləndirilməsi üçün potensialın artırılması” mövzusunda Sağlamlıq məsələlərində maarifləndirmə mütəxəssisi Şarad Aqarvad məruzə etdi.
Seminarda həmçinin böhran vəziyyətlərinin idarə olunması üzrə əsas komponentlər – hadisələr haqqında milli planların təhlilindən söhbət açıldı. “İmmunlaşdırma kampaniyaları, immunlaşdırmanın yan təsirləri və böhran vəziyyətində kommunikasiya” modulu üzrə bir neçə məruzə dinlənildi. Ukraynadan “2008-ci ildə qızılca və məxmərək üçün profilaktikanın vaksinasiya nəticələri”, Tacikistandan “2010-cu ildə poliomielitin sürətlə yayılması”, Kanadadan “2010-cu ildə H1N1 qripinin sürətlə yayılması” mövzularında nümayəndələr təqdimat etdilər. “Fövqəladə hadisələri əks etdirən hadisələr haqqında məlumatlandırmanın əsas komponentləri” üzrə “2009-2010-cu illərdə Misirdə Quş Qripi” barədə ÜST-ün Liondakı baş bürosunun Səhiyyə Sahəsində Beynəlxalq Tənzimləmə Komitəsindən Satyadjit Sarkar söhbət açdı.
Plenar iclasda Səhiyyə Məsələlərində Sistem və Siyəsət üzrə Regional Məsləhətçi Oktavian Bivol boşluqların müəyyənləşdirilməsi, boşluqların aradan qaldırılması strategiyası və növbəti fəaliyyət planları ətrafında məruzə etdi.
Seminar ərzində iştirakçılara sağlamlığın effektiv gücləndirilməsi sistemində əsas komponentlərlə bağlı biliklər aşılandı. Sağlamlığın gücləndirilməsi proqramının dəstəklənməsi üzrə milli fəaliyyət planlarının layihəsinin hazırlanması istiqamətində ölkə komandalarının qrup işləri oldu.
Seminarın son günündə sağlamlığın gücləndirilməsi proqramının institusionalizasiyası üzrə milli fəaliyyət planlarının layihəsinin hazırlanması və sağlamlığın gücləndirilməsi üçün effektiv təbliğatın aparılması məqsədilə ölkə komandalarının təqdimatları, həmçinin müzakirələri maraqla qarşılandı. İştirakçılar Milli Strategiya və planın hazırlanması, o cümlədən təsdiqi üçün beynəlxalq tərəfdaşlardan, o cümlədən BMT-nin Uşaq Fondundan texniki yardıma ehtiyacın olduğunu qeyd etdilər. Məqsədlərə vaxtında nail olunması üçün regional idarələr və BMT-nin Uşaq Fondunun regional büroları ölkələrə dəstək verəcək.