24 İYUN 2011
Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun keçirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti görüşü keçirildi
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) əsaslanaraq, Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə də ana və beş yaşadək uşaq ölümünün azaldılması üzrə vəzifələri nəzərə alaraq, 2011-ci ildə həyata keçiriləcək Demoqrafiya və Sağlamlıq sorğusu (DSS) əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, eləcə də təhlili üçün zəruri məlumatların toplanılması məqsədini daşıyır. DSS-in aparılması Səhiyyə Nazirliyinin əmrilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) tapşırılıb.
2011-ci il iyunun 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun keçirilməsi üzrə yaradılmış İşçi Qrupun (İQ) növbəti görüşü keçirildi.
Görüşdə İSİM-in “Səhiyyə siyasəti və islahatlar” şöbəsinin müdiri Töhfə Cəmilova Pilot Sorğunun nəticələrindən danışdı. Daha sonra T. Cəmilova “Gələcək əsas təlim və sahə işləri haqqında məlumat” üzrə təqdimatla çıxış etdi. Məruzədə pilot sorğunun 72 iştirakçısının elan verildikdən sonra müraciət etmiş namizədlər sırasından müsahibə yolu ilə seçildiyi bildirildi. Eləcə də iyunun 29-dan başlanacaq təlimin 12 gün davam edəcəyi və əlavə 4 gün də sahə təliminin keçiriləcəyi barədə məlumat verildi. Belə ki, sahə təlimi seçməyə düşməyən 2 şəhər və 2 kənd klasterində aparılacaq. Artıq sorğu vərəqələri, intervüyerlər, supervayzerlər, laborantlar üçün təlimat, sorğu vərəqələri üzrə intervüyerlər üçün testlər və psixoloji testlər hazırlanıb. T.Cəmilova bir neçə testin nəticəsinə və təlim zamanı özünü göstərmə bacarığına əsaslanaraq, 72 nəfərdən 60 nəfərin sorğuda iştirak üçün seçiləcəyini vurğuladı. Həmçinin qrupların marşrutlarının və tərkibinin dəqiqləşdiriləcəyi, təşkilati məsələlərin həll olunacağı bildirildi. Səyyar sorğu işlərinin isə avqust-oktyabr aylarında keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıldı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.