• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

11 MAY 2011

2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin başlanmasına həsr olunmuş Dəyirmi Masa təşkil olundu

Hesablamalara görə, yol-nəqliyyat hadisələri nəticəsində dünyada hər il 1,3 milyon insan həyatını itirir, 50 milyona qədər insan xəsarət alır. Yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir, bu da gündə təxminən 1000 nəfər deməkdir.

2011-ci il mayın 11-də “Hyatt Regency” mehmanxanasının “Şamaxı” zalında “2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin başlanması”na həsr olunmuş Dəyirmi Masa təşkil olundu. Toplantı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi (ÜST) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov ÜST-ün 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin həyata keçirilməsini planlaşdırdığını vurğuladı. “Dəyirmi masanın məhz mayın 11-də keçirilməsində məqsəd bütün dünyada Onilliyin eyni zamanda başlanmasına yönəldilməsidir” – deyə qeyd edən direktor ictimai səhiyyənin bu aktual probleminin həllinə yönəldilmiş tədbirlərə qoşulması üçün ÜST tərəfindən Azərbaycana rəsmi müraciət olunduğunu bildirdi.

Məruzədə həmçinin yollarda baş verən qəzaların ictimai səhiyyənin problemi olaraq, cəmiyyətin bütün sektorlarına təsiri barədə məlumat nəzərə çatdırıldı. Belə ki, yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardıma yönəldilən xərclərə, işləyən ailə üzvünün ölümünə və əlillik nəticəsində gəlirlərin azalmasına gətirib çıxarır. Proqnozlara görə isə 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən ölüm halları 5-ci yerdə olacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq.

Problemin miqyasını nəzərə alaraq, 2 mart 2010-cu il tarixində dünya ölkələrinin hökumətləri növbəti on il ərzində yol hərəkəti təhlükəsizliyi sahəsində tədbirlərin fəallaşmasına dair tarixi qərar qəbul edib. BMT-nin Baş Assambleyasının 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin onilliyinin elan edilməsinə dair Qətnaməsini 100-dək ölkə dəstəkləyib. 2010-cu ilin noyabrında isə Moskvada yol hərəkəti təhlükəsizliyi üzrə ilk Ümumdünya Nazirlər Konfransı keçirilib və orada Yol Hərəkəti Təhlükəsizliyi üzrə Moskva Deklarasiyası qəbul edilib. Onilliyin keçirilməsi və əlaqələndirilməsi üçün əsas fəaliyyət ÜST-ə həvalə edilib. Onilliyin keçirilməsində vacib şərtlərdən biri Qlobal Planın hazırlanmasıdır. Qlobal Planda yol hərəkəti təhlükəsizliyi sahəsində bir neçə istiqamətdə, o cümlədən profilaktik tədbirlərin gücləndirilməsi, məlumatların toplanılmasının təkmilləşdirilməsi və yol-nəqliyyat hadisələrində xəsarət alanlara (xüsusən uşaqlara), təcili tibbi yardımın göstərilməsi sisteminin gücləndirilməsi məsələlərinə dair fəaliyyətlər təklif edilir.

Dəyirmi masanın gedişində beynəlxalq, eləcə də yerli hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri təqdimatlarla çıxış etdilər. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyət (2011-2020-ci illər) mövzusu üzrə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin fövqəladə hallar üzrə hazırlıq və cavab vermə proqramı üzrə mütəxəssisi Samir Mehdiyev, Azərbaycanda 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin keçirilməsinə dair təkliflər barədə İSİM-in əməkdaşı, Azərbaycanda 2011-2020 illərdə Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin Milli Əlaqələndiricisi Tofiq Musayev məruzə etdilər. O cümlədən Yol təhlükəsizliyi haqqında qlobal məruzələr (2008-2011-ci illər üzrə) – problemlərin qarşısının alınması üçün intellektual vasitələr haqqında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun elmi işlər üzrə direktor müavini Rüstəm Talışinski, Yol hərəkəti təhlükəsizliyində Qeyri-Hökumət Təşkilatlarının rolu mövzusunda “Təhlükəsiz Yollar” İctimai Birliyinin direktoru Aydın Xudiyev çıxış etdilər. Məruzələrdə ictimai səhiyyənin tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyi sahəsində problemlərə nəzər yetirilərək, onların həlli yolları haqqında fikir mübadiləsi aparıldı. Həmçinin BMT-nin Qlobal Planı və 2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin keçirilməsi üçün tədbirlərin ilkin planı müzakirə olundu. Eləcə də 2008-2011-ci illərdə Yol təhlükəsizliyilə bağlı ÜST-ün araşdırmasının, yol hərəkəti təhlükəsizliyinin təminatında beynəlxalq sektorlararası çərçivədə dövlət, beynəlxalq və qeyri-hökumət orqanlarının rolundan bəhs edildi. AR Ədliyyə Nazirliyinin, AR Nəqliyyat Nazirliyinin nümayəndələri də çıxış edərək, fikir və tövsiyələrini bildirdilər.

Dəyirmi masada Azərbaycan da daxil olmaqla, bütün ölkələrin Onilliyə dair tədbirləri həyata keçirmələri sayəsində növbəti on il ərzində milyonlarla insan həyatını xilas etməyin mümkün olacağı diqqətə çatdırıldı. Tədbir iştirakçılarına İSİM-də hazırlanmış “Yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 fakt” bukleti paylanıldı. Sonda media nümayəndələrinin sualları cavablandırıldı.