9 MART 2011
İSİM-də səhiyyə kommunikasiyası mütəxəssisləri üçün növbəti görüş keçirildi
2011-ci il martın 9-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) səhiyyə kommunikasiyası mütəxəssisləri üçün növbəti görüş keçirildi. Tədbiri giriş sözü ilə açan İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Leyla Salıfova toplantının təşkilati məqsədlərini açıqlayaraq, görüşün “Vərəmlə mübarizə” mövzusuna həsr olunduğunu bildirdi. Toplantıda İSİM, Ombudsman Aparatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Həyat” Beynəlxalq Humanitar Təşkilatı, Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyi, AbtAssociates kimi təşkilatların nümayəndələri, həmçinin media təmsilçiləri iştirak etdilər.
İSİM-in vərəmlə mübarizə sahəsində gördüyü işlərdən danışan Leyla Salıfova bu mövzuda bukletlərin, maarifləndirici nəşrlərin hazırlandığını da diqqətə çatdırdı. İştirakçılar təmsil etdikləri qurumların vərəmlə mübarizə istiqamətində gördükləri və planlaşdırdıqları işlərdən bəhs etdilər. Daha sonra təqdimatlara keçildi.
“Həyat” Beynəlxalq Humanitar Təşkilatının Proqram rəhbəri Fuad Məmmədov “Əmək miqrantları arasında vərəmin vəziyyəti ilə əlaqədar araşdırmaların aparılması” mövzusunda məruzə ilə çıxış etdi. Təqdimatda müxtəlif ölkələrdə yaşamış, sonra Azərbaycana qayıtmış və son iki il ərzində Milli Vərəm Proqramının (MVP) elektron bazasında qeydiyyatda olan əmək miqrantları arasında vərəmin vəziyyətilə əlaqədar aparılmış araşdırmalar haqqında geniş məlumat verildi. Belə ki, tədqiqatlar əsnasında Azərbaycanın 11 bölgəsi, 53 şəhər, kənd və qəsəbəsində yaşayan 300 nəfər əmək miqrantı arasında sorğu və müsahibələr aparılıb, nəticələr araşdırılıb. Vərəm xəstələrinin mövcud siyahıları əsasında ilkin dayaq – Elektron Məlumat Mənbəyi (EMM) yaradılıb. O cümlədən, əhaliyə maarifləndirici bukletlər paylanılıb, mövzunu əhatə edən təlimlər keçirilib. Tədqiqatlar zamanı vərəm xəstələri ilə sorğunun aparılmasında problem və çətinliklərin olduğunu qeyd edən F.Məmmədov potensial maneələrin proqnozlaşdırılması və yaranmış problemlərin həlli üçün bir sıra xüsusi yanaşma, eləcə də müasir kommunikasiya üsullarından istifadə edildiyini bildirdi. Eyni zamanda vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsində beynəlxalq təcrübəyə əsaslanmağın vacibliyini vurğuladı.
“Vərəm, MRV və Vərəm/İİV-lə xəstə olan qaçqın və məcburi köçkünlər arasında tədqiqat” mövzusunda Səhiyyənin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Mətləb Verdiyev təqdimat etdi. Çıxışda iştirakçılar Bakı, Sumqayıt və Gəncə daxil olmaqla, Azərbaycanın müxtəlif rayonlarında 252 nəfər qaçqın və məcburi köçkün əhali arasında aparılmış tədqiqat barədə məlumatlandırıldılar. Belə ki, araşdırma vərəmə yoluxmuş məcburi köçkün və qaçqınların müalicə, o cümlədən diaqnostika xidmətlərinə çıxış imkanlarının qiymətləndirilməsi, həmçinin onlarda vərəmlə xəstələnmə üçün məlum peşə, davranış (zərərli vərdişlər), tibbi risk və sosial faktorların yayılma dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilib. Nəticələrin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda birgə müzakirə edilməsi planlaşdırılır.
Təqdimatlardan sonra təkliflər dinlənildi. Jurnalistlərin sualları cavablandırıldı.