17 FEVRAL 2011
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2011-ci il fevralın 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə BMT-nin Uşaq Fondu və ÜST-nin Azərbaycan nümayəndəliyi, Azərbaycana Birgə Yardım Təşkilatı, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “Sağlam həyat tərzi” və Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İSİM, “Save the Children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov görüşün məqsəd və vəzifələrindən danışdı. Ötən ay ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verən direktor ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs etdi. İştirakçılar İSİM-lə BMT-nin Uşaq Fondunun birgə layihələri olan “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” üzrə tədqiqat, eləcə də “Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət” mövzusunda təlim haqqında məlumatlandırıldılar. Direktor eyni zamanda Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində İSİM və ÜST-ün həyata keçirdiyi, hazırda davam edən “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” intervüyerləri üçün təlimlə bağlı fikirlərini qeyd etdi. Həmçinin klinik protokolların tərtibat işlərinin davam etdirildiyi də diqqətə çatdırıldı. Belə ki, yeni Neonatal prosedurlar üzrə klinik protokol Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub. Bununla da təsdiq olunmuş klinik protokolların sayının 45-ə çatdığı vurğulandı.
Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin təqdimatından sonra iştirakçılar təmsil etdikləri qurumların hazırki fəaliyyəti barədə qısa məlumat verdilər. Həmçinin növbəti ay üçün planlaşdırılmış işlərdən söhbət açdılar.
Azərbaycana Birgə Yardım Təşkilatının İctimaiyyətlə Əlaqələr üzrə məsul işçisi Arzu Hüseynova təqdimatla məruzə etdi. Çıxış təşkilatın sosial layihələrinə həsr olunmuşdu. Təşkilatın məqsəd və vəzifələrindən bəhs edən A.Hüseynova fəaliyyət istiqamətləri çərçivəsində görülmüş işlərdən də danışdı. Məruzə əsnasında Bakı, Gəncə və Xaçmazın İcma Əsaslı Reabilitasiya Mərkəzlərində təşkilatın göstərdiyi sosial xidmətlə əlaqədar fotolar nümayiş olundu. İştirakçılara internat evlərində də fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatının bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat verildi. Təqdimatda təşkilatın işçi heyətinin lobbiçilik, əlilliyə erkən müdaxilə, xüsusi ehtiyaclılar üçün təhsil, icma əsaslı reabilitasiya və bu kimi başqa sahələrdə peşəkar olduğu vurğulandı. İclasın gedişatında əlilliyi olan şəxslərin müraciətini özündə əks etdirən video-çarx nümayiş etdirildi.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparıldı. Növbəti Təşkilatlararası iclas martın 16-da olacaq.