17 DEKABR 2010
İSİM-də “Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”un təlimi keçirildi
2010-cu il dekabrın 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”un təlimi keçirildi. “Save The Children” ABŞ beynəlxalq təşkilatının əməkdaşlarının iştirak etdiyi seminarı Azərbaycan Tibb Universitetinin (ATU) Daxili xəstəliklərin propedevtikası kafedrasının dosenti Rəhimə Qabulova apardı.
Protokol terapevtlər, kardioloqlar və arterial hipertenziyanın (AH) diaqnostika və müalicəsinə cəlb olunmuş həkimlər üçün nəzərdə tutulmuşdur. Xəstələr qrupunu yaşı 18-dən yuxarı arterial hipertenziyalı şəxslər təşkil edir. Protokolun məqsədi AH-nın müasir diaqnostika və müalicə üsullarını təqdim etmək, müasir müalicə üsullarını tətbiq etməklə, arterial hipertenziyanın fəsad riskini azaltmaqdır. Klinik protokol sübutlu təbabətə əsaslanır.
R.Qabulova çıxışında arterial təzyiqin (AT) təsnifatı, risk amilləri, proqnoza təsir edən amillər, arterial hipertenziyanın diaqnostikası, prosedurlar, ev şəraitində AT-in ölçülməsi barədə məruzə etdi. Eyni zamanda xəstəyə edilən müayinələr, orqanların subklinik zədələnmələrinin araşdırılması, müalicənin faydaları və məqsədləri barədə söhbət açdı. Təlimçi arterial hipertenziyanın qarşısının alınması istiqamətində görülən tədbirlərdən, pasiyentlərin antihipertenziv dərman preparatlarının düzgün seçimi üçün maarifləndirilməsinin vacibliyindən də bəhs etdi.
Sonda iştirakçılara sözügedən klinik protokol və bukletlər paylanıldı. Suallar ətrafında müzakirə aparıldı.