18 NOYABR 2010
İSİM-in əməkdaşları İspaniyanın Barselona şəhərində Avrasiya regionu ölkələrinin səhiyyə sisteminin inkişafı üzrə VII Flaqman Kursunda iştirak etdilər
2010-cu il noyabrın 2-11-də İspaniyanın Barselona şəhərində Avrasiya regionu ölkələrinin səhiyyə sisteminin inkişafı üzrə VII Flaqman Kursu keçirildi. Kurs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu, Dünya Bankının regional ofisi, Yaponiya dövləti, GmbH-ın GFA Konsaltinq Qrupu, Qırmızı Xaç və Aypara Cəmiyyətinin Qazaxıstandakı Beynəlxalq Federasiyası, İsveçrənin Beynəlxalq Səhiyyə Mərkəzinin Tacikistandakı (Sino) nümayəndəliyinin maliyyə yardımı və texniki dəstəyilə təşkil olunmuşdur.
Almaniya, Danimarka, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın nümayəndə heyətinin qatıldığı tədbirdə Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Rahib Məmmədov, Aris Rüstəmov, Tofiq Musayev, Malik Kərimbəyov, Arzu Əhmədova, Gülnarə Hacızadə, eləcə də ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanov, Səhiyyə Sektorunda İslahatlar Layihəsi İcra Qrupunun direktoru Kamran Rzayev iştirak etdilər.
Görüşün ilk günündə iştirakçıların təqdimatından sonra təşkilati suallar verildi. Təmsil etdikləri qurumlar barədə nümayəndələrin qısa məlumatından sonra məruzələrə keçildi. İspaniya, Estoniya, Danimarka, Qırğızıstan və Gürcüstandan dəvət olunan müəllim heyəti səhiyyə sisteminin müxtəlif aspektlərini özündə əks etdirən mövzularda çıxış etdilər.
Noyabrın 2-3-də “Siyasət dövriyyəsi-Səhiyyə sisteminin fəaliyyəti” modulu üzrə təqdimatlar oldu. “Səhiyyə sisteminin məqsəd və funksiyalarına nəzər”, “ “Qırğızıstanda Arterial hipertaniya xəstəliyinə nəzarət” nümunəsində səhiyyə sisteminin funksiyaları haqqında ümumi təsəvvür”, “Səhiyyə sisteminin fəaliyyətinin problem diaqnostikası” mövzularında səhiyyə sisteminin fəaliyyət prinsipləri, funksiyaları, ümumi problemləri haqqında məruzə edildi. Öyrənilənlərin təcrübədə tətbiqi olaraq, qruplar üzrə iş görüldü.
“Ölkədə problemlərin müəyyənləşdirilməsi”, “Məqsədlərin qiymətləndirilməsi və seçimi” barədə çıxışlardan sonra mövzular ətrafında plenar müzakirə aparıldı.
Ölkələr üzrə qrup işlərinin təqdimatı maraqla qarşılandı. “Ölkənin problemlərinin müəyyənləşdirilməsi”, “Səhiyyə sisteminin fəaliyyətinin monitorinqi” mövzularında iştirakçılar təmsil etdikləri ölkənin səhiyyə sisteminin ümumi fəaliyyətindən və rast gəlinən problemlərindən söhbət açdılar. Bundan sonra tədris nümunələri üzərində qrup işi görüldü.
“Siyasət dövriyyəsi-Səhiyyə sisteminin fəaliyyəti” modulu “Ermənistanda səhiyyə sisteminin fəaliyyətinin monitorinqinin indikatorlarının işlənməsi” təqdimatı ilə tamamlandı.
Noyabrın 4-5-də “Səhiyyənin maliyyələşdirilməsi” modulu üzrə çıxışlar oldu. “Səhiyyənin maliyyələşdirilməsi və gəlirin toplanması haqqında ümumi təsəvvür”, “Maliyyə vəsaitlərinin akkumulyasiyası” təqdimatlarında səhiyyə sisteminin maliyyələşdirilməsinin ümumi cəhətlərindən bəhs edildi. Daha sonra ölkə nümunəsində Moldovanın təcrübəsini özündə əks etdirən “Moldovada gəlirin toplanması akkumulyasiyası” mövzusunda məruzə edildi. Biliklərin təcrübədə tətbiqi kimi, qruplar üzrə iş aparıldı.
Günün kursu “ “Kantristan”: səhiyyədə islahatların maliyyələşdirilməsində növbəti addımlar-1”, “Dövlət sığortası və ödəmə paketi”, “İlkin tibbi sanitar yardımına görə tədarük və ödəməyə giriş”, “Hospital yardımın alınması”, “ “Kantristan”: səhiyyədə islahatların maliyyələşdirilməsində növbəti addımlar-2” mövzularında təqdimatlarla yekunlaşdı.
“Səhiyyənin maliyyələşdirilməsi” modulu üzrə təqdimatlar noyabrın 8-də davam etdi. İştirakçılar təmsil etdikləri ölkələrin nümunəsində səhiyyənin maliyyələşdirilməsinin əsas prinsiplərini qeyd etdilər. “Estoniyada hospital yardımın alınması” və “İspaniyanın Kataloniya şəhərində hospital yardımın alınması” mövzularında çıxışlar məhz bu prinsipləri özündə əks etdirirdi.
Plenar müzakirədə iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı. “ “Kantristan” nümunəsində təqdimat”, “Səhiyyə sistemində özəl sektorun rolu”, “Qırğızıstan Republikasında səhiyyənin özəl sektoru” barədə məruzələrlə iştirakçılar təmsilçisi olduqları ölkələrin səhiyyə sisteminin özəl sektorunun xəritəsini cızdılar.
Kursun son üç günündə (noyabrın 9-11-də) “Səhiyyənin özəl sektoru” modulu üzrə təqdimatlar iştirakçıların nəzərinə çatdırıldı. “Tibbi xidmətlər bazarının iqtisadiyyatı və tənzimlənməsinin əhəmiyyəti” mövzusu ilə ümumi giriş ölkə nümunələrində məruzələrlə davam etdi.
“Estoniyada kliniki olmayan xidmətlərin göstərilməsinə görə müqavilələrin bağlanılması”, “İspaniyanın Kataloniya şəhərində tibbi xidmətlərdə dövlət və özəl sektorun rəqabəti”, “Ölkədə özəl sektorun inkişafı”, “Gürcüstanda xəstəxanaların özəlləşdirilməsi” və “Dərman preparatları: arzuolunan keyfiyyət və əlaçatan qiymət təminatının maliyyə və tənzimləmə alətləri” üzrə çıxışlar maraqla qarşılandı. Qrup üzrə işlərin davamı kimi, plenar müzakirə keçirildi. “Ölkə nümunəsində işlərin təqdimatı”nda maraqlı fikir mübadiləsi aparıldı.
Təlim zamanı alınmış biliklərin səviyyəsini qiymətləndirmək üçün təlimçilər tərəfindən ölkə üzrə qruplara verilmiş praktiki tapşırıq əsasında posterlər hazırlanmdı. İştirakçılardan, təlimçilərdən və qonaqlardan ibarət münsiflər heyəti posterlərin dizaynını mövzunun düzgün və tam açıqlanmasına, ölkədəki səhiyyə probleminin rasional həllinə görə qiymətləndirdi. Bu müsabiqədə Azərbaycan birinci, Qazaxıstan ikinci, Tacikistan üçüncü yeri tutdu və mükafatlarla təltif edildi. Yekun posterlərin hazırlığından sonra qrup şəklində son işlər görüldü. “İcmalara dəstəyin inkişafında ÜST-ün ölkələrə yardımının əsas prioritet göstəriciləri” və “İcmalara dəstəyin inkişafında Dünya Bankının rolu” mövzularında iştirakçıların yekun təqdimatları oldu.
Qrup üzrə işlərin nəticəsi olaraq, əldə edilmiş bilikləri əyani surətdə nəzəri və praktik baxımdan tətbiq edən azərbaycanlı nümayəndələr qalib elan edildi. Belə ki, əməkdaşlarımızın hazırladıqları təqdimat həm məzmun etibarilə, həm də dizayn effektlərinə görə, iştirakçı ölkələrin təqdimatları arasında birinciliyə layiq görüldü.
Azərbaycan nümayəndələri 9 noyabr Bayraq Gününü Barselonada qeyd etdilər və Azərbaycanın Dövlət Bayrağı haqqında təqdimatla çıxış etdilər.
Son olaraq, Avrasiya regionu ölkələrinin səhiyyə sisteminin inkişafı üzrə VII Flaqman Kursunun qiymətləndirilməsi aparıldı.