• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

21 SENTYABR 2010

Azərbaycanda Tütünlə Mübarizə üzrə II Milli Konfrans keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən hər il dünyada 5,4 milyon insan tütünçəkmə nəticəsində yaranan xəstəliklərdən dünyasını dəyişir və bu rəqəm 2030-cu ilə qədər artaraq, ildə 10 milyon insanı əhatə edə bilər. Azərbaycanda tütün epidemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsidir. 20 sentyabr 2010-cu il tarixdə “Hyat Regency” mehmanxanasının “Bakı” zalında keçirilmiş Tütünlə Mübarizə üzrə 2-ci Milli Konfransın əsas məqsədi məhz həmin Strategiyanın ictimaiyyətə təqdimatı və müzakirəsi olmuşdur.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov tütünlə mübarizə sahəsində görülən işlərdən, Azərbaycan tərəfindən ratifikasiya edilmiş “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”ndan irəli gələn öhdəliklərdən, Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın əhəmiyyətindən danışdı. O, Konfransın əlamətdar, tarixi bir gündə keçirildiyini, 2005-ci ilin 20 sentyabr tarixində Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun imzalandığını vurğuladı.

Daha sonra çıxış üçün söz Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə verildi. Tütünlə mübarizə sahəsində ölkəmizdə görülən işlərə dövlət səviyyəsində yanaşıldığını qeyd edən Hadı Rəcəbli tütünçəkmənin məhdudlaşdırılması haqqında Qanun layihəsinin işlənib hazırlandığını və bu mövzuda Milli Məclisdə dəyirmi masa keçirildiyini tədbir iştirakçılarına bildirdi.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev öz növbəsində adı çəkilən Qanun layihəsində əks olunan mühüm məqamları açıqladı, Qanun layihəsinin və sözü gedən Strategiyanın qəbul olunmasının vacibliyindən danışdı.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsinin koordinatoru Nurlan Əliyev “Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyası”nın layihəsini təqdim etdi, həmin layihədə və Strategiyanın yazılmasında iştirak etmiş təşkilatlara və Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın üzvlərinə öz təşəkkürünü bildirdi.

Səhiyyə Nazirliyinin Sağlam Həyat Tərzi üzrə milli koordinatoru Azad Hacıyev “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası: 5 il ərzində əldə olunmuş nailiyyətlər” mövzusunda təqdimatla çıxış etdi. O, tütün epidemiyası ilə mübarizə sahəsində Azərbaycanda son ildə mühüm irəliləyişin müşahidə edilməsini qeyd etdi və buna çoxlu əyani sübutlar gətirdi.

ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədova tütünə qarşı mübarizə üzrə ÜST-nin tövsiyələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Mütəxəssis tütün epidemiyası ilə mübarizə işinin tütündən istifadənin monitorinqi; insanların tütün tüstüsündən müdafiəsi; tütündən istifadəni dayandırması üçün yardımın təklifi; tütünlə bağlı təhlükələr barədə xəbərdarlıq; tütünün reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna qoyulan qadağalara riayət edilməsinin təmini; tütün məmulatlarına vergilərin artırılması kimi zəruri prinsiplər üzərində qurulmasının vacibliyini vurğuladı.

Nahar fasiləsindən sonra “Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyası”nın plenar müzakirəsi aparıldı, iştirakçıların təklifləri dinlənildi. Konfransın yekununda Strategiya tədbir iştirakçıları tərəfindən yekdilliklə bəyənildi və təsdiq olunması məqsədi ilə müvafiq təşəbbüsün qaldırılması üçün Səhiyyə Nazirliyinə müraciət edilməsi qərara alındı.