23 İYUL 2010
İSİM-də “Reproduktiv sağlamlıq üzrə ailə həkimi təlimçiləri üçün təlim” keçirildi
2010-cu il iyunun 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) start götürən təlimdə ilk olaraq, iştirakçılara mövzu ilə əlaqədar kitab və bukletlər paylanıldı. Təlimi giriş sözü ilə açan dermato-veneroloq Mirça Beçiu layihənin məqsədi, bu istiqamətdə nəzərdə tutulan planlar haqqında məlumat verdi. Daha sonra mövzu ətrafında məruzə etdi.
Mirça Beçiu məruzəsində ilk növbədə ailə həkiminin xəstəliyin diaqnozunu təyin edərkən diqqətli olmasının gərəkliliyini qeyd etdi. Həmçinin qadın və kişilər arasında yayılan cinsi xəstəliklərin səbəbləri, simptomları, fəsadları, sindromları haqqında təlim iştirakçılarını məlumatlandırdı. Bu istiqamətdə ictimaiyyətin düzgün informasiya alması üçün profilaktik tədbirlərin görülməsinin vacib olduğunu bildirdi. Cəmiyyətdə cinsi yolla yaranan xəstəliklərin getdikcə “cavanlaşdığını” qeyd edən dermato-veneroloq problemin qismən də olsa aradan qaldırılması üçün nəinki şəhərdə, o cümlədən regionlarda da tibbi məntəqələrin, qadın-kişi məsləhətxanalarının yaradılmasının zəruriliyindən bəhs etdi.
Təlim iştirakçılarını maraqlandıran sualları Mirça Beçiu və Liqa Kozlovska əyani olaraq, blok-sxemlərlə cavablandırdılar. Avropa ölkələri və Rusiya Federasiyasının bu sahədə təcrübəsinin müqayisəli təhlili müzakirəyə səbəb oldu.
“Reproduktiv sağlamlıq üzrə ailə həkimi təlimçiləri üçün təlim”də mövzuların ayrı-ayrılıqda, bölmələr üzrə izahı, eləcə də iştirakçıların təlim üzrə hazırladıqları mövzuların təqdimatı tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ailə həkiminin peşəkarlığını artırmaqda mühüm addımdır.
Mirça Beçiu və Liqa Kozlovska layihənin davamlı olmasının vacibliyini bir daha vurğulayıb keçirilən təlimlərin ictimaiyyətin nəinki “Reproduktiv sağlamlıq” mövzusundan, ümumilikdə səhiyyədə baş verən yeniliklərdən xəbərdar olmasında, əhalinin sağlamlıq məsələlərinə daha da diqqətli yanaşmasında mühüm rolunu qeyd etdilər.
2010-cu il iyulun 19-23-də İSİM-in Milli Təlim mərkəzində keçirilən “Reproduktiv sağlamlıq üzrə ailə həkimi təlimçiləri üçün təlim”in məqsədi ailə təbabəti üzrə təlimçilərin reproduktiv sağlamlıq mövzusunda bilik və bacarıqlarını artırmaqdır. Təlimi keçirmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçiləri Liqa Kozlovska və Mirça Beçiu dəvət olunub. Keçirilmiş təlim Dünya Bankı və Səhiyyə Nazirliyinin birgə həyata keçirdiyi “Səhiyyə Sektorunda İslahatlar Layihəsi” tərəfindən dəstəklənir.