23 İYUN 2010
Tütünlə mübarizə üzrə İctimai Koalisiyanın 5-ci görüşü keçirildi
23 iyun 2010-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (AHCA) tərəfindən ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Tütünlə mübarizə üzrə İctimai Koalisiyanın 5-ci görüşü keçirildi.
İSİM-də keçirilən görüşdə dövlət, beynəlxalq və qeyri-hökumət qurumlarının aidiyyəti nümayəndələri iştirak etmişdir. Tədbirdə “31 May –Ümumdünya Tütünsüz Günü” ilə bağlı keçirilən tədbirlər haqqında məlumat mübadiləsi, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi və bunlarla bağlı bir sıra məsələlər təhlil olundu, müxtəlif çıxışlar edildi və irəli gələn problemlər ətrafında müzakirələr aparıldı.
Görüşdə həmçinin İSİM-in direktoru Ceyhun Məmmədov Səhiyyə Nazirliyinin tapşırığı ilə Rumıniyanın Buxarest şəhərində iyunun 7-9-u Tütünə qarşı Mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasının Avropa Regionu ölkələrində icrası mövzusunda keçirilmiş və iyunun 10-da həmin ölkələrin Tütünlə Mübarizə üzrə milli əlaqələndiricilərinin müşavirələrində iştirakı barədə məlumat verdi. O, tütünlə mübarizə sahəsində dünya ölkələrinin təcrübəsindən ətraflı məlumat verdi.
Görüşün sonunda müzakirələrin nəticələrinə görə rəy və məsləhətlər yekunlaşdırılaraq Koalisiyanın növbəti fəaliyyətlərinin çərçivəsi müəyyənləşdirildi.