27 MAY 2010
Tütünə qarşı mübarizə mövzusuna həsr edilmiş rəsm müsabiqəsi keçirildi
2010-cu il may ayının 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, USAİD-ın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin təşkilatçılığı ilə Azərbaycan Media Mərkəzində 31 May Ümumdünya Tütünsüz Gününə həsr edilmiş rəsm müsabiqəsinin nəticələri elan edildi.
5-15 yaşında olan uşaqlar arasında keçirilmiş müsabiqə tütünçəkmənin zərərləri barədə məlumatlandırmanın artırılması və bu problemə cəmiyyətin diqqətini cəlb etmək məqsədi daşıyırdı.
Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Gülsabah Hüseynova, Təhsil Nazirliyinin əməkdaşı Lalə Dadaşova, respublikanın əməkdar rəssamları Yelena Haqverdiyeva və Əliyar Əlimirzəyevdən ibarət münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər elan olundu və mükafatlar təqdim edildi. Həmçinin uşaqların bu qəbildən olan tədbirlərdə iştirakını təşviq etmək üçün həvəsləndirici mükafatlar da verildi.
Tədbirdə iştirak edən Millət vəkili Qənirə Paşayeva əhalinin bu problemə ciddi yanaşmadığını və bu qəbildən olan tədbirlərin onların məlumatlandırmasında və ictimai etirazın formalaşdırmasında çox böyük rol oynadığını qeyd etdi.
İSİM-in əməkdaşı Aris Rüstəmov tütünlə mübarizə sahəsində xüsusilə uşaqların iştirakının əhəmiyyətini və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yalnız 31 may Ümumdünya Tütünsüz günü ilə əlaqədar deyil, hər zaman tütünə qarşı mübarizə etdiyini vurğuladı.
Tədbirdə İSİM, Təhsil Nazirliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Abt Associates təşkilatı, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, Ombudsman aparatı, Sağlamlığa Çağırış QHT Alyansı və s. təşkilatların nümayəndələri iştirak etdilər.