15 OKTYABR 2009
«İlkin səhiyyə səviyyəsində psixi sağlamlıq üzrə müalicə keyfiyyətinin yaxşılaşdırılması və təşviq edilməsi» mövzusunda seminar
15 oktyabr 2009-cu il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş “İlkin səhiyyə səviyyəsində psixi sağlamlıq üzrə müalicə keyfiyyətinin yaxşılaşdırılması və təşviq edilməsi” mövzusunda seminar keçirildi.
Seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Sevil Əsədova, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri professor Gəray Gəraybəyli və Ailə təbabəti kafedrasının müdiri professor Mustafa Salehov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının müdiri Səadət Mahmudova əhalinin psixi sağlamlığının qorunmasında və təmin edilməsində ilkin tibbi xidmətlərin iştirakı, əhəmiyyəti və vacibliyini xüsusilə qeyd etdilər. İştirakçıların diqqətinə çatdırıldı ki, Azərbaycan 2005-ci ildə Helsinkidə ÜST-nin psixi sağlamlıq üzrə nazirlər səviyyəsində keçirilmiş konfransında psixiatriya yardımı göstərilməsinin yaxşılaşdırılması və bu sahədə qanunvericiliyin həyata keçirilməsi öhdəliklərinin yerinə yetirilməsi ilə Avropa üzrə Psixi Sağlamlıq Bəyannaməsini imzalamışdır.
Bəyannamənin prioritet məsələlərdən biri ilkin səhiyyə xidmətinin (İSX) psixi sağlamlıq üzrə mərkəzi rol oynaması və psixi sağlamlığın təmin edilməsi vəzifəsinin yerinə yetirməsi üçün İSX potensialının gücləndirilməsindən ibarətdir.
Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankı tərəfindən aparılan islahatlar çərçivəsində İSX-nin yaxşılaşdırılması sahəsində xeyli işlərin görüldüyü, İSİM-də Milli Psixi Sağlamlıq üzrə Strategiyanın və Fəaliyyət Planının işlənib hazırlandığı və ÜST ilə 2008 - 2009-cu illəri əhatə edən İkiillik Əməkdaşlıq Sazişinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə bir sıra layihələrin həyata keçirilməsi göstərilmişdir.
Tədbirdə “İlkin tibbi yardım həkimlərinin psixi sağlamlıq üzrə biliklərinin artırılması” layihəsi həyata keçirildiyi qeyd edildi. Həmin layihənin əsas məqsədi İSX həkimlərinin yüngül və orta-ağır dərəcəli psixi xəstəliklərin diaqnozunun qoyulmasına və müalicənin aparılmasına qadir olmalarının təmin edilməsindən ibarətdir. Layihə çərçivəsində İSX həkimlərinin psixi sağlamlıq üzrə bilik səviyyələrinin qiymətləndirilməsi məqsədilə keçirilmiş sorğuların ilkin nəticələri barədə ATU-nun psixiatriya kafedrasının dosenti Fuad İsmaylov ətraflı məruzə etdi və iştirakçılarla geniş müzakirə aparılaraq layihənin davamına dair mütəxəssislər tərəfindən tövsiyələr verildi.
Seminarda Səhiyyə Nazirliyinin, Ombudsman Aparatının, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin, Bakı şəhər Psixonevroloji Dispanserinin, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin, Bakı şəhər poliklinikalarının və rayon mərkəzi xəstəxanalarının nümayəndələri iştirak etdilər.