14 NOYABR 2008
İSİM-də “Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda 6-cı görüş keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkilatçılığı ilə dövlət qurumları, yerli QHT-lər, beynəlxalq təşkilatların nümayəndələri ilə “Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda növbəti, 6-cı görüş keçirildi. İSİM-də keçirilən tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Azərbaycan Media Mərkəzi, Azərbaycan Qan Donorları Assosiasiyasının, Vişnevskaya-Rostropoviç Fondu, ACQUIRE Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Sağlamlığa Çağırış” QHT Alyansının, Uşaqlara Mərhəmət İctimai Birliyi və Azərbaycan Tibb Assosiasiyasının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nurlan Əliyev artıq “Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda 6-cı görüşün keçirildiyini xatırladaraq iştirakçılara ötən dövr ərzində İSİM və partnyorlarının həyata keçirdiyi tədbirlər, Azərbaycan Media Mərkəzinin fəaliyyəti barədə məlumat veriləcəyini açıqladı.
USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin kommunikasiya üzrə meneceri Cəmilə Əzizova İSİM və partnyorlarının həyata keçirdiyi tədbirlər barədə danışdı. İştirakçılardan, Ombudsman Aparatının nümayəndəsi Yeganə Cəfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın əməkdaşı Nurlana Qaraxanova, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Həbsxanada Səhiyyə Proqramının rəhbər əvəzi Elçin Muxtarlı, Uşaqlara Mərhəmət İctimai Birliyinin nümayəndəsi Amil Məmmədov, “Sağlamlığa Çağırış” QHT Alyansının koor dinatoru Aytəkin Əsgərova həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verdilər.
İştirakçıların çıxışlarından sonra Azərbaycan Media Mərkəzinin təmsilçisi Gülnarə Axundova “Azərbaycan Media Mərkəzi və onun həyata keçirdiyi layihələr” mövzusunda təqdimatla çıxış etdi. G.Axundova Mərkəzin məqsədləri, texniki imkanları, KİV və QHT-lər üçün keçiriləcək təlimlər barədə iştirakçıları məlumatlandırdı. İştirakçıların suallarını cavablandıran G.Axundova qeyd etdi ki, QHT-lər Mərkəzdən özlərinin ictimaiyyətlə əlaqələrinin daha yaxşı təşkil olunması üçün yardım ala, tədbirlərini, təqdimat mərasimlərini, mətbuat konfranslarını burada təşkil edə bilərlər. Mərkəz həmçinin, onların KİV-lə daha yaxşı əlaqələr qurmasında da yardımçı ola bilər.
Təqdimatdan sonra N.Əliyev “Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda keçirilən əvvəlki görüşlərin birində səhiyyə kommunikasiyası mütəxəssislərini bir araya gətirəcək təşkilat yaradılması ideyasının irəli sürüldüyünü və bu istiqamətdə müzakirələr aparıldığını xatırlatdı. O, artıq səhiyyə kommunikasiyası sahəsində çalışan mütəxəssislərin bir qrupu tərəfindən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının yaradıldığını və təşkilatın Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçdiyini bildirdi. Assosiasiyanın gələcək planları barədə danışan N.Əliyev təşkilatın səhiyyə sektorunda fəaliyyət göstərən beynəlxalq və yerli QHT-lərlə fəal əməkdaşlıq edəcəyini, səhiyyə kommunikasiyası sahəsində onlara yardım göstərəcəyini açıqladı.
C.Əzizova 20 noyabr 2008-ci il tarixində Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən “İctimai marketinq” mövzusunda keçiriləcək treninq barədə iştirakçıları məlumatlandırdı. O, treninqdə iştirak etmək üçün müraciət edənlərin sayının çox olduğunu vurğulayaraq bu və digər mövzularda təlimlərin davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırdı.
Tədbirin sonunda N.Əliyev iştirakçıları İSİM tərəfindən Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirilən ““Azərbaycanda icbarı tibbi sığortanın perspektivləri” mövzusunda ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində nəşr olunmuş icbari tibbi sığorta haqqında əsas məlumatları özündə əks etdirən “İcbari Tibbi Sığorta: 8 sual, 8 cavab” adlandırılan, informativ maarifləndirici xarakterli bukletlə tanış etdi.