13 NOYABR 2008
“Tibbi tullantıların idarəolunması sahəsində siyasətin və Milli fəaliyyət planının hazırlanması” mövzusunda dəyirmi masa keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tibbi tullantıların idarəolunması sahəsində siyasətin və Milli fəaliyyət panının hazırlanması” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada İSİM direktoru Ceyhun Məmmədov, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Uta Piper, ÜST-nın ölkə üzrə ofisinin əməkdaşı Vüsalə Allahverdiyeva, Səhiyyə Nazirliyi (SN) Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Tahir Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Arzu Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Eldəniz Zeynalov, SN-nin Sanitariya-epidemioloji nəzarət sektorunun məslələhtçisi Oleq Səlimov, SN-nin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun əməkdaşları Səkinə İsmayılova, Lalə Sadıxzadə, tibb müəssisələrinin baş həkimləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İSİM direktoru C. Məmmədov tibbi tullantıların idarəolunması sahəsində siyasətin və Milli fəaliyyət planının hazırlanması ilə bağlı dəyirmi masada fikir mübadiləsinin, birgə müzakirələrin aparılmasının çox vacib olduğunu qeyd etdi. İSİM direktoru tədbir iştirakçılarını müzakirələrdə fəal iştirak etməyə, öz təklif və fikirlərini söyləməyə dəvət etdi.
“Tibbi tullantıların idarəolunması sahəsində siyasətin və Milli fəaliyyət planının hazırlanması üzrə umumi məlumat” mövzusunda təqdimatla çıxış edən SN Sanitariya-epdimoloji nəzarət sektorunun baş məsələhətçisi Nurəddin Abdullayev ÜST-nın Avropa Regional Bürosu və Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, SN tərəfindən tibbi tullantıların idarəolunması qaydalarını hazırlanıb və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tibbi tullantıların idarəolunması sahəsində siyasətin və Milli fəaliyyət planının hazırlanması məqsədilə Səhiyyə Nazirinin əmri verilib və işçı qrup yaradılıb. Eyni zamanda, bu işçi qrupun vəzifələri müəyyənləşdirilib.
İSİM-in Yüksəktexnologiyalı tibbi yardım şöbəsinin müdiri Malik Kərimbəyov “Əhaliyə göstərilən tibbi xidmətlər və səhiyyə ehtiyatları” mövzusunda təqdimatla çıxış etdi. 2007-ci ilin yekunlarına görə, ölkənin səhiyyə şəbəkəsinin 2006-cı ilə nisbətən daha səmərəli işlədiyini vurğulayan M.Kərimbəyov xüsusən xəstəxana çarpayılarının səmərəsinin artdığını bildirdi. Onun sözlərinə görə, bununla belə uzun illər boyu səhiyyə xidmətlərinin əsas ağırlığının xəstəxanaların üzərinə düşməsi bu sahənin həddən artıq yüklənməsinə səbəb olmuşdur.
Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Tahir Hacıyev isə tibbi tullantıların idarəolunması sahəsində normativ hüquqi aktlar barədə tədbir iştirakçılarına məlumat verdi.
ÜST-nın eksperti Uta Piper iştirakçıları tibbi tullantıların idarəolunması ilə bağlı Bakıda, Abşeron və İsmayıllı rayonlarının tibb müəssisələrində aparılmış sorğunun ilkin nəticələri ilə tanış etdi. Onun sözlərinə görə, ilkin nəticələr dəqiqləşdirildikdən sonra yekun hesabat hazırlanacaq.
Təqdimatlardan sonra məruzəçilər iştirakçıların suallarını cavablandırdılar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri isə tullantıların idarəolunması ilə bağlı görülən işlər barədə əlavə məlumat verdilər.
Çıxışların ardından mövzu ilə bağlı müzakirələr aparıldı və tədbir iştirakçıları öz təkliflərini səsləndirdilər.
Müzakirələri yekunlaşdıran C.Məmmədov mövzu ilə bağlı yenə dəyirmi masaların keçiriləcəyini, müzakirələrin davam edəcəyini xatırladaraq SN-nin işçi qrupunun bütün təklifləri qəbul etməyə, öyrənməyə hazır olduğunu vurğuladı.