• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 NOYABR 2008

“Azərbaycanda ilkin səhiyyə xidmətlərinin inkişafı perspektivləri” mövzusunda dəyirmi masa keçirildi

11 noyabr 2008-ci il tarixdə Hyatt Regency mehmanxanasının “Şuşa” zalında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə üzrə ofisi, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə “Azərbaycanda ilkin səhiyyə xidmətlərinin inkişafı perspektivləri ” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada səhiyyə nazirinin müavini Sənan Kərimov, İSİM direktoru Ceyhun Məmmədov, ÜST-nın ölkə üzrə ofisinin rəhbəri Kamran Qaraxanov, USAİD-in səhiyyə şöbəsinin müdiri Tara Milani, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zuyes, Acquire Azərbyacan layihəsinin rəhbəri Mövcudə Babamuradova, ÜST-nın beynəlxalq məsləhətçiləri Antonio Dyüran və Aynurə İbrahimova, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun rəhbəri Fərhad Mehdiyev, Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Faiq Ağayev, Elmi Tədqiqat Mamaçalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru Teymur Qafarov, Azərbaycan Tibb Universitetinin (ATU) Ailə həkimi kafedrasının müdiri Mustafa Salixov və digər mütəxəssislər iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açan İSİM direktoru C.Məmmədov bildirdi ki, dəyirmi masada Azərbaycanda ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi sahəsində aparılmış islahatları, keçilmiş yolu, beynəlxalq ekspertlərin, A.Dyüran və A.İbrahimovanın, eləcə də, yerli mütəxəssislərin iştirakı ilə müzakirə etmək imkanı olacaq: “ Mən ümid edirəm ki, beynəlxalq ekspertlər Azərbaycanda ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi sahəsində aparılmış islahatlar, görülmüş işlər barədə fikirlərini bildirəcəklər, baxışlarını açıqlayacaqlar, özlərinin və MDB ölkələrinin təcrübəsi ilə bölüşəcəklər. Mövcud problemləri qeyd edəcəklər”. 

Səhiyyə nazirinin müavini, professor S. Kərimov bildirdi ki, ilkin səhiyyə xidmətinin yeni prinsiplərə əsasən təşkili və inkişaf etdirilməsi son 30 ildə diqqət mərkəzinə gəlib. Belə ki, son 100 ildə tibb sahəsində dar ixtisaslaşma istiqamətində inkişaf gedib, əhaliyə keyfiyyətli ilkin səhiyyə xidmətlərinin göstərilməsi məsələsi isə arxa plana keçib. İlkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsinin məqsədi isə əhalinin bütün, xüsusən az təminatlı təbəqəsinə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Baxmayaraq ki, son onilliklərdə bütün dünyada ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün səylər göstərilir, hətta inkişaf etmiş ölkələrdə belə bu sahədə problemlər qalmaqdadır. Azərbaycanda da ilkin tibbi-sanitar yardımının inkişaf etdirilməsinə ciddi ehtiyac var. Belə ki, son onilliklərdə ölkədə ilkin səhiyyə xidməti sahəsində ciddi çatışmazlıqlar meydana gəlmişdi.

S.Kərimov qeyd etdi ki, son illər Azərbaycanda bu vəziyyəti dəyişmək üçün çox böyük işlər görülür. İlk növbədə struktur islahatlar aparılır, səhiyyənin inkişafına mane olan mövcud maliyyələşmə prinsiplərinin dəyişdirilməsi və kadr hazırlığı istiqamətində işlər görülür. Onun sözlərinə görə, ilkin səhiyyə xidmətlərinin təşkili ilə bağlı fərqli modellər var. Bu baxımdan beynəlxalq və yerli ekspertlərin ilkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini eşitmək çox maraqlı olardı. 

Tədbirin “Azərbaycanda ilkin səhiyyə xidmətləri sahəsində islahatların vəzifələri və son yeniliklər” adlanan birinci hissəsində ÜST-nın məsləhətçisi A.Dyüran “Avropa regionunda səhiyyə sistemində ilkin səhiyyə xidmətlərinə istiqamətlənmiş islahatlar. Azərbaycan üçün strateji məsələlər. 2008-ci il üçün Ümumdünya Sağlamlıq Hesabatından məlumatlar”, İSİM direktoru C.Məmmədov “Azərbaycanda ilkin səhiyyənin inkişafının əsas tərkib hissələri”, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin əməkdaşı Səkinə İsmayılova “Azərbaycanda İlkin səhiyyə xidməti sahəsində islahatların əsas istiqamətləri”, ATU-nun Ailə həkimi kafedrasının müdiri Mustafa Salixov “İlkin səhiyyə xidməti sahəsində tibb təhsili nöqteyi-nəzərindən islahatlar”, beynəlxalq ekspert A.İbrahimova “Xidmət təchizatlarının fəaliyyətinin stimullaşdırılması” və “Regional təcrübəyə əsaslanmaqla Azərbaycanın növbəti addımları barədə tövsiyələr” mövzusunda təqdimatlarla çıxış etdilər. 

Dəyirmi masanın “Azərbaycanda ilkin səhiyyə xidmətləri sahəsində islahatlar üçün “Yol xəritəsi”” adlanan ikinci hissəsində Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Faiq Ağayev “Vərəmlə mübarizədə ilkin səhiyyə xidmətlərinin rolu”, ATU Psixiatriya kafedrasının əməkdaşı “Psixi sağlamlıq sahəsində xidmətlərin göstərilməsində ilkin tibbi yardımın rolu”, Elmi Tədqiqat Mamaçalıq və Ginekologiya İnstitutunun direktoru F.Əliyeva “Azərbaycanda səhiyyənin ilkin səviyyəsində reproduktiv sağlamlığın qorunması və yaxşılaşdırılması üzrə xidmətlərin keyfiyyətinin və əlçatanlığı vəziyyətinin qiymətləndirilməsi”, A.Dyüran “İlkin səhiyyə xidmətləri üçün əməliyyat planlaşdırılmasına yanaşmalara giriş” mövzularında təqdimatlarla çıxış etdilər. 

Məruzəçilər iştirakçıların suallarını cavablandırdıqdan sonra ilkin səhiyyə xidmətləri səviyyəsində struktur, maliyyələşdirmə, kadrların hazırlanması sahəsində islahatlar, ailə həkimi təsisatının yaradılması və digər mövzular ətrafında müzakirələr aparıldı.