25 SENTYABR 2008
İSİM-də erkən yaşlı uşaqların qidalanmasına həsr olunmuş dəyirmi masa keçirildi
19 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) BMT-nin Uşaq Fondunun (UNİSEF) təşəbbüsü ilə erkən yaşlı uşaqların qidalanmasına həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Ana və uşaq sağlamlığının qorunması üzrə Milli Koordinator Təranə Tağızadə, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva, İSİM-in direktor müavini Gülşən Həsənova, UNİSEF-in ölkə ofisinin nümayəndəsi Şəfəq Rəhimova və əməkdaşları, qidalanma üzrə amerikalı mütəxəssis Cak Baqrianski, V. Axundov adına Elmi- Tədqiqat Tibbi Profilaktika, K. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Nizami, Xətai, Nərimanov rayonlarının Gigiyena və Epidemiologiya Mərkəzlərinin əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Gülşən Həsənova bildirdi ki, düzgün qidalanma əhalinin sağlamlığının qorunmasında əsas amillərdən biridir. Sağlamlığının qayğısına qalmaq istəyən hər bir insan düzgün qidalanmaya riayət etməlidir. Müasir tibbdə də, düzgün qidalanma məsələlərinin öyrənilməsinə, bu sahədə araşdırmaların aparılmasına böyük əhəmiyyət verilir. İSİM-in direktor müavini bildirdi ki, 2003-cü ildə Azərbaycanda “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” AZərbaycan Respublikasının Qanunu qəbul edilib. Onun sözlərinə görə, bu qanun körpələrin və erkən yaşlı uşaqların düzgün qidalanması məsələlərini tənzimləyir və böyük əhəmiyyətə malikdir. G. Həsənova UNİSEF-in təşkilatçılığı ilə keçirilən bu dəyirmi masada da düzgün qidalanma ilə bağlı müzakirələrin aparılacağını və tədbirdə qidalanma üzrə mütəxəssis, postsovet ölkələrində qidalanma ilə bağlı tədqiqatlar aparmış amerikalı mütəxəssis Cak Baqrianskinin təqdimatla çıxış edəcəyini iştirakçıların diqqətinə çatdırdı.
Qidalanma üzrə mütəxəssis Cak Baqrianski “Unun zənginləşdirilməsi Azərbaycanda müsbət ictimai sağlamlıq strategiyası sayıla bilərmi?” mövzusunda təqdimatla çıxış etdi. Amerikalı ekspertin çıxışından sonra təqdimat ətrafında müzakirələr və fikir mübadiləsi aparıldı. Müzakirələrin yekunu kimi Azərbaycanda düzgün qidalanma məsələlərinin dövlət səviyyəsində tənzimlənməsi üçün təkliflər səsləndirildi. Tədbir iştirakçıları və yerli mütəxəssislər düzgün qidalanma məsələlərini tənzimləyəcək qanunun qəbulunu məqsədəuyğun olduğunu bildirdilər. Qeyd olundu ki, bu qanunda ölkədə istehsal olunan unun və digər qida məhsullarının üzərində onların tərkibində hansı maddələrinin olduğunun göstərilməsinin məcburi olması ilə bağlı müddəalar da öz əksini tapa bilər. Qida məhsullarının tərkibi barədə düzgün məlumat almaq imkanları olduqdan sonra isə insanlar düzgün qidalanma rejimini özləri müəyyənləşdirə bilərlər.
Tədbirin sonunda düzgün qidalanmanın Azərbaycan üçün də aktual olduğunu qeyd edən UNİSEF-in Bakı ofisinin əməkdaşı Şəfəq Rəhimova bu istiqamətdə maarifləndirmə işlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.