4 İYUN 2008
İSİM və “Sağlamlığa Çağırış” QHT Alyansının əməkdaşları Xətai rayon 3 saylı Uşaq Evinin sakinlərini təbrik etdilər
1 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Sağlamlığa Çağırış” QHT Alyansının əməkdaşları 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Xətai rayon 3 saylı Uşaq Evinin sakinlərinə baş çəkdilər. İSİM Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev və “Sağlamlığa Çağırış” QHT Alyansının koordinatoru Aytəkin Əsgərova uşaq evinin rəhbərliyi ilə görüşərək uşaqlar üçün hədiyyələri - DVD pleyer və sovqatları təqdim etdilər. Xətai rayon 3 saylı Uşaq Evinin direktoru Zöhrə Hüseynova hədiyyələrə görə təşəkkürünü bildirdi, onları uşaq evi sakinlərinin əl işlərindən ibarət sərgi, rəqs kollektivinin və qızlardan ibarət otüstü hokkey komandasının üzvləri ilə tanış etdi. Uşaq evi sakinlərinin daş döşəmə üzərində çəkdikləri 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş rəsmlər tədbir iştirakçılarına nümayiş etdirildi. İSİM və “Sağlamlığa Çağırış” QHT Alyansının əməkdaşları uşaqlarla birlikdə rəsm çəkdilər, oyunlar oynadılar və onların ifasında rəqs nömrələrini izlədilər.
Zöhrə Hüseynova hazırda uşaq evində 103 uşağın sığınacaq tapdığı barədə məlumat verdi. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva digər uşaq evlərinə olduğu kimi onlara da hər zaman qayğı və diqqət göstərir, problemlərin həll olunmasında yardımçı olur. Direktorun sözlərinə görə, onlar burada sığınacaq tapmış uşaqlar orta məktəbi bitirib, hərbi xidmət keçdikdən sonra da yetirmələrini taleyin ümidinə buraxmırlar və onların Dövlət Neft Şirkətinin dəstəyi ilə neftçi kimi əmək fəaliyyətinə başlamasına yardımçı olurlar.
Tofiq Musayev və Aytəkin Əsgərova bundan sonra da İSİM və “Sağlamlığa Çağırış” QHT Alyansı nümayəndələrinin uşaq evinə tez-tez baş çəkəcəklərini, xeyriyyə aksiyalarının həyata keçirilməsində yardımçı olacaqlarını bildirdilər.