İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Psixi sağlamlıq” mövzusunda konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 DEKABR 2007

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Psixi sağlamlıq” mövzusunda konfrans keçirildi

19 dekabr 2007-ci il tarixdə Hyatt Conference Hollun Şuşa zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə “Psixi sağlamlıq” mövzusunda konfrans keçirildi.

Tədbirdə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tibb Universiteti, Həkimlərin Təkmilləşdirmə İnstitutu, Təhsil Problemləri İnstitutu, Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzi, Azərbaycan Psixiatriya Assosiasiyası, Azərbaycan Psixoloqlar Assosiasiyası, psixiatriya müəssisələrinin nümayəndələri, Azərbaycan Respublikasının baş psixiatrı Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə üzrə ofisinin rəhbəri Kamran Qaraxanov, ÜST-ün regional məsləhətçisi Matt Mujen, ÜST-ün məsləhətçisi Mixail Şeydman, Uşaq Hüquqları Alyansının, UNFPA-nın, ACİYF-in təmsilçiləri, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli son zamanlar Səhiyyə Nazirliyinin psixi sağlamlıq məsələlərinə xüsusi diqqət yetirdiyinin, bununla əlaqədar Səhiyyə Nazirliyində Koordinasiya Qrupunun yaradıldığını qeyd etdi. O, “Psixi sağlamlıq” mövzusunda konfrans keçirilməsini bu istiqamətdə əhəmiyyətli təşəbbüs kimi dəyərləndirdi.

ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanov beynəlxalq təşkilatların psixi sağlamlıq məsələlərinə xüsusi diqqət göstərdiklərini vurğuladı: “ÜST-ün məlumatlarına görə dünya əhalisinin təxminən 10 faizi hər hansı bir psixi pozuntudan əziyyət çəkir, dünya əhalisinin 70 faizi ömründə bir dəfə psixiatr yardımına müraciət edib. Azərbaycanda isə rəsmi məlumatlara görə hər il 80 min insan psixiatriya müəssisələrinə müraciət edir. Amma, əslində bu rəqəm psixiatır yardımına ehtiyacı olanların çox az hissəsini əhatə edir.”

K.Qaraxanovun sözlərinə görə Səhiyyə Nazirliyi ilə ÜST arasında bağlanmış iki illik əməkdaşlıq sazişinə əsasən bu ildən başlayaraq bu sahədə geniş araşdırmalar aparılıb və ÜST-ün ekspert-texniki dəstəyi ilə işçi qrupların gərgin əməyi nəticəsində “Əhalinin Psixi Sağlamlığı üzrə Milli Strategiya” layihəsi işlənib hazırlanıb. K.Qaraxanov bu strategiyanın ölkə əhalisinin psixi sağlamlığının qorunmasına töhvə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM-in) direktoru Ceyhun Məmmədov konfransın əsas məqsədlərindən birinin “Əhalinin Psixi Sağlamlığı üzrə Milli Strategiya” layihəsinin ilkin variantını tədbir iştirakçılarının müzakirəsinə təqdim etmək olduğunu bildirdi. Ceyhun Məmmədov bu ilin iyun ayından başlayaraq ÜST-ün dəstəyi ilə İSİM-in “Əhalinin Psixi Sağlamlığı üzrə Milli Strategiya”nın tərtib edilməsi istiqamətində bir sıra layihələr həyata keçirdiyi barədə məlumat verdi.

Onun sözlərinə görə ilk növbədə Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə layihəsini həyata keçirərkən mümkün qədər dürüst və etibarlı məlumatlardan istifadə edilib. C.Məmmədov bildirmişdir ki, bu qiymətləndirmənin nəticələri tədbir iştirakçılarına sonradan təqdim olunacaqdır.

C.Məmmədov qeyd etdi ki, növbəti mərhələdə “Əhalinin Psixi Sağlamlığı üzrə Milli Strategiya” layihəsi üzərində iş aparılıb. Eyni zamanda bu sənədin tərkib hissəsi kimi ”Uşaq və Yeniyetmələrin psixi sağlamlığının qorunması strategiyasının hazırlanması nəzərdə tutulmuşdu. Bu layihələrin həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən 2 işçi qrup yaradılıb. Strategiya layihəsinin mükəmməl səviyyədə hazırlanması məqsədilə bu işçi qrupların tərkibinə psixi sağlamlıq sahəsində çalışan müxtəlif mütəxəssislər daxil edilib. Layihələr üzərində aparılan iş çərçivəsində 1-ci işçi qrup 32, 2-ci işçi qrup isə 12 görüş keçirib. Yekunda hazırlanmış layihələrə öz rəy və təkliflərini bildirmək üçün professorlardan ibarət milli ekspert komissiyasına və beynəlxalq məsləhətçiyə təqdim edilib.

Ceyhun Məmmədov bu Strategiyanın Azərbaycanda əhalinin psixi sağlamlıq problemlərinin qarşısının alınması və profilaktikasının təmin edilməsinə imkan yaradacağını ümidvar olduğunu qeyd etdi. İSİM rəhbəri Strategiya layihəsinin üzərində işləyən işçi qrupların üzvlərinə, professorlardan ibarət olan ekspert qrupuna, beynəlxalq mütəxəssislərə minnətdarlığını bildirdi.

Daha sonra ekspertlərin “Psixi sağlamlıq” mövzusunda çıxışları başladı. Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli “Azərbaycan üçün psixi sağlamlıq strategiyasının əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, ölkədə iqtisadi inkişaf bu sahəyə diqqətin artırılması, daha çox maliyyə ayrılmasına imkan yaradır. G.Gəraybəyli qeyd etdi ki, strategiyanın qəbulundan sonra bu sahədə əhəmiyyətli işlərin görüləcəyini gözləmək olar.

ÜST-ün regional məsləhətçisi Matt Mujen “Avropa ölkələrində psixi sağlamlıq siyasəti məsələləri və qarşıda duran maneələr” mövzusunda çıxış etdı. Ekspert qeyd etdi ki, Azərbaycanda psixiatrik çarpayıların və psixiatrik kadrların sayının qənaətbəxş səviyyəsi və iqtisadi inkişaf göstəriciləri bu sahədə isalahtalar aparmağa əlverişli şərait yaradır. Onun sözlərinə görə psixiatrik çarpayıların və psixiatrik kadrların sayına görə Azərbaycan regionda 4-cü yeri tutur. Ekspert hesab edir ki, islahatlar aparılan zaman realist olmaq və islahatları tədricən həyata keçirmək zəruridir.

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayılov psixiatriya haqqında qanun barədə məlumat verdi, qanunun tətbiqi ilə bağlı yaranan problemlərdən danışdı.

İSİM əməkdaşı, İşçi Qrupun rəhbəri Şirin Kazımov ÜST-ün Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün Vasitəni tətbiq etməklə hazırlanmış, Azərbaycanda Psixi Sağlamlıq Sistemi haqqında Hesabatı təqdim etdi.

ÜST-ün məsləhətçisi Mixail Şheydman “Psixiatriya yardımı sahəsində beynəlxalq nailiyyətlər” mövzusunda çıxış etdi. Psixiatriyada qlobal təşəbbüsün heyət üzvü, İşçi qrupun rəhbəri Fuad İsmayılov “Əhalinin Psixi Sağlamlığı üzrə Milli Strategiya layihəsi barədə ətraflı məlumat verdi.

Uşaq Hüquqları Alyansının prezidenti, İşçi Qrupun rəhbəri Nabil Seyidov “Uşaqların və Yeniyetmələrin Psixi Sağlamlığı üzrə Milli Strategiya layihəsi barədə tədbir iştirakçılarını məlumatlandırdı. Bundan sonra çıxışlarla bağlı müzakirələr aparıldı.

Mövzu və çıxışlar ətrafında müzakirələr və fikir mübadiləsi aparıldıqdan sonra konfransın yekun sənədi qəbul edildi.