18 DEKABR 2007
Azərbaycan Respublikasında Səhiyyə İslahatları üzrə Konsepsiya Sənədinin ilkin variantı müzakirə olundu
17 dekabr 2007-ci il tarixdə Hyatt Conference Hollun Şuşa zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçlığı ilə Azərbaycan Respublikasında Səhiyyə İslahatları üzrə Konsepsiya Sənədinin ilkin variantına həsr olunmuş toplantı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə naziri, cənab Oqtay Şirəliyev, nazir müavini Abbas Vəlibəyov və nazirliyin digər rəsmiləri, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafəisi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun nüməyəndələri, ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Kamran Qaraxanov, ÜST-ün məsləhətçisi, London İmperial Kollecinin professoru Rifat Atun, ÜST-ün səhiyyənın maliyyələşdirilməsi siyasəti üzrə eksperti xanım Yenni Kehler, Dunya Bankının, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), UNİSEF, Səhiyyə Nazirliyinin Səhiyyə İslahatları layihəsi İcra Qrupunun əməkdaşları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözu ilə açan Azərbaycan Respublikası səhiyyə naziri, professor Oqtay Şirəliyev Səhiyyə İslahatları üzrə Konsepsiya Sənədinin ilkin variantına həsr olunmuş müzakirələin vacib olduğunu bildirdi. Nazir bir iqtisadi-siyasi sistemdən digərinə keçən ölkə üçün başqa sahələrdə olduğu kimi səhiyyə sistemində də islahatların aparılmasının zərurilyini vurğuladi: “Siyasi sabitlik, iqtisadi inkişaf şəraitində, ən vacibi isə ölkə rəhbərliyinin dəstəyi ilə biz səhiyyə sistemində islahatları aparmalıyıq. Bildiyiniz kimi iki il əvvəl bu istiqamətdə müəyyən işlər aparılıb, biz səhiyyədə başlıca proritet istiqamətləri təyin etmişik, ən vacib olan məsələlərin həlli ilə bağlı konsepsiya hazırlamışıq və onun əsasında da işimizi qurmuşuq. Sonradan Nazirlər Kabinetinin sərəncamı ilə Koordinasiya Şurası yarandı. Bu qurumda demək olar ki, bütün nazirliklərin nümayəndələri ilə bir yerdə yeni konsepsiya hazırlandı. Bu konsepsiyada əsas iki vacib məsələ əks olunmuşdu, birincisi, səhiyyənin maliyyələşməsi, ikincisi, icbari tibbi sığorta. Bu qurum öz işini gördü, bunun nəticəsində bu yaxınlarda Nazirlər Kabinetində və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında müraciətimiz dəstəkləndi. Azərbaycan Respublikasında “Tibbi sığorta haqqında” 1999-cu ildə qəbul olunmuş Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin müvafiq komissiyalarında müzakirə edildi və sonradan parlament tərəfindən uğurla qəbul olundu”.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, Səhiyyə Nazirliyi bu qanuna dəyişikliklərdən sonra 2008-ci ildən etibarən icbari sığotra ilə bağlı işə başlaya bilər. Birinci mərhələdə bu bütün ölkəni əhatə etməyəcək, pilot rayonlarda aparılacaq. Bu təcrübədən sonrakı fəaliyyətdə istifadə ediləcək.
Səhiyyə nazirinin sözlərinə görə, Azərbaycan bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsinə böyük əhəmiyyət verib və bu istiqamətdə beynəlxalq təşkilatların yardımından bəhrələnib. Bu imkan başqa ölkələrin üzləşdikləri problemlərdən qaçmağa, səhvləri təkrarlamamağa imkan verəcək.
Çıxışını bitirdikdən sonra Səhiyyə naziri Azərbaycan Respublikasında Səhiyyə İslahatları üzrə Konsepsiya Sənədinin ilkin variantının icmalı və tərtib edilməsi barədə məlumat vermək üçun ÜST-ün məsləhətçisi, London İmperial Kollecinin professoru Rifat Atuna söz verdi. Professor R.Atun Səhiyyə İslahatları üzrə Konsepsiyadan Strategiya və Fəaliyyət Planına keçid məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə islahatların həyata keçirilməsi üzrə Strategiya və Fəaliiyət Planı hazırlanarkən ilk növbədə səhiyyə sisteminin mövcud vəziyyəti hərtərfli təhlil edilməli, resurs və imkanlar dəyərləndirilməlidir. İslaharlar elə şəkildə aparılmalıdır ki, əhalinin əksər təbəqələri bunlardan yararlana bilsinlər, fayda görsünlər. Səhiyyə xidmətlərindən istifadə zamanı bərabərlilik prinsipi təmin olunsun. Həmçinin bu islahatların həyata keçirilməsi zamanı maliyyə vəsaitlərinin səmərəli bölüşdürülməsi, istifadə olunmasına, səhiyyə sistemində səmərəli idarəetməyə nail olunması əsas hədəflərdən biri kimi götürülməlidir.
Bu mövzuda çıxış edən ÜST-ün səhiyyənin maliyyələşdirilməsi siyasəti üzrə eksperti Yenni Kehler isə səhiyyə İslahatlarının əsas istiqamətləri üzrə məlumat verdi. Ekspert qeyd etdi ki, bu islahtalar səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsini, ilkin səhiyyə xidmətinin genişləndirilməsini, tibbi sığorta sisteminə keçilməsini, dərmanların əldə olunma imkanı, onlardan rasional istifadənin, səhiyyənin kadr resurslarının əhalinin sağlamlıq ehtiyaclarına uyğunlaşdırılmasını təmin etməlidir.
Professor R.Atun tədbir iştirakçılarına səhiyyə siyasətinin yerinə yetirilməsində planlaşdırma, idarəetmə və nəzarət strategiyaları barədə də məlumat verdi.
Toplantıda Səhiyyə İslahatları üzrə Səhiyyə İslahatları Konsepsiya Sənədinin ilkin variantı və ekspertlərin çıxışları ətrafındə müzakirələr aparıldı, təkliflər səsləndirildi.