• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

12 DEKABR 2007

İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Azərbaycanda tibb işçilərinin peşəkar fəaliyyətinin tənzimlənməsi və lisenziyalaşdırılması” mövzusunda dəyirmi masa keçirildi.

10-11 dekabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu və ölkə ofisinin texniki və ekspert dəstəyi ilə “Azərbaycanda tibb işçilərinin peşəkar fəaliyyətinin tənzimlənməsi və lisenziyalaşdırılması” mövzusunda dəyirmi masa keçirdi. Tədbir ÜST-ün ekspertlərinin və yerli mütəxəssislərin birgə iştirakı ilə Azərbaycanda səhiyyə kadrları ilə bağlı mövcud vəziyyətin icmalı və səhiyyə sistemində kadrların idarəolunmasında başlıca problemlərin müəyyənləşdirilməsi; Avropa regionunda tibb ixtisaslarının nizamlanması üzrə beynəlxalq təcrübə mübadiləsi; Azərbaycanda tibb ixtisaslarının tənzimlənmə strategiyasının hazırlanması; ÜST-ün Avropa Regional Bürosunun bu prosesi dəstəkləməsi və iştirakı üçün tədbirlərin, prioritet sahələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılması məqsədilə təşkil olunmuşdu.

Dəyirmi masada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və digər əməkdaşları, ÜST-ün Azərbaycan üzrə təmsilçisi Kamran Qaraxanov, ÜST-ün Cenevrədəki mənzil-qərargahının əlaqələndiricisi Jan-Mark Braşe, ÜST-ün Avropa Regional Bürosunun təmsilçisi xanım Qalina Perfilyeva, Polşa Həkimlər və Dantistlər Palatasının prezidenti Konstanti Radzivil, Finlandiya Səhiyyə Assosiasiyasının təmsilçisi Xannu Xalila, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli və həmin komissiyanın üzvü İlham Məmmədov, Azərbaycan Cərrahlar Assosiasiyasının sədri akademik Böyukkişi Ağayev, Səhiyyə Nazirliyinin “Səhiyyə sistemində islahatlar layihəsi”nin icra qrupunun əməkdaşları, Tibb Universiteti, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Ali Attestasiya Komissiyasının nümayəndələri, “Standard Insurance” və “A-Group” sığorta şirkətlərinin əməkdaşları və başqaları iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan Ceyhun Məmmədov tədbirin hazırlanmasında və keçirilməsində verdikləri dəstəyə görə ÜST-ün Avropa Regional Bürosunun və ölkə ofisinin nümayəndələrinə təşəkkür edərək Azərbaycanda hazırda səhiyyə sistemində islahatların aparılması kursu götürüldüyünü, tibb işçilərinin peşəkar fəaliyyətinin tənzimlənməsi və lisenziyalaşdırılmasının bu kontekstdə başlıca istiqamətlərdən biri olduğunu qeyd etdi. Ceyhun Məmmədov səhiyyə sistemində, eyni zamanda tibb işçilərinin peşəkar fəaliyyətinin tənzimlənməsi və lisenziyalaşdırılması sahəsində islahatların keçirilməsi ilə əlaqədar bir sıra məsələlərlə bağlı sualların açıq qaldığını və müzakirələrin gedişində bunlara aydınlıq gətirilməsini arzuladığını açıqladı.

Dəyirmi masada Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin rəis müavini Rauf Ağayev Azərbaycan səhiyyə sistemində kadr siyasəti barədə məlumat verdikdən sonra ÜST-ün Avropa Regional Bürosunun nümayəndəsi xanım Qalina Perfilyeva “Tibb kadrları sahəsində fəaliyyət platforması və səhiyyənin sabit işçi qüvvəsi ilə təmin edilməsi” mövzusunda prezentasiyanı təqdim etdi. ÜST-ün mənzil-qərargahının əlaqələndiricisi, Jan-Mark Braşe isə tibb ixtisaslarının nizamlanmasının müxtəlif modelləri haqqında çıxış etdi. Polşa Həkimlər və Dantistlər Palatasının prezidenti Konstanti Radzivil isə tibb ixtisaslarının tənzimlənməsində peşəkar birliklərin rolundan danışdı. Finlandiya Səhiyyə Assosiasiyasının təmsilçisi Xannu Xalila diplomdansonrakı tibb təhsili və sonrakı peşəkar təkmilləşmə, Avropa Birliyində ixtisasların tanınması barədə, eyni zamanda Finlandiyada tibb ixtisasların tənzimlənməsi barədə məlumat verdi. Ekspertlərin çıxışlarından sonra tibb kadrlarının peşəkar fəaliyyətinin hüquqi, inzibati, iqtisadi və ictimai tənzimlənməsi ilə bağlı məsələlər müzakirə edildi. Müzakirələrin gedişində Azərbaycanda diplomdansonrakı tibb təhsili və sonrakı peşəkar təkmilləşmə ilə bağlı mövcud vəziyyət, Avropa Birliyi ölkələrinin bu sahədəki təcrübəsi ilə müqayisəli şəkildə təhlil olundu.

ÜST-ün Avropa Regional Bürosunun səhiyyə sistemləri üzrə mütəxəssisi xanım Yeni Kexler, ÜST-ün başqa ekspertləri, eləcə də İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və “Səhiyyə sistemində islahatlar layihəsi”nin icra qrupunun əməkdaşları Azərbaycanın səhiyyə sistemində tibb kadrlarının inkişafı və tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində təklif olunan strateji addımlar barədə məlumat verdilər. Tədbir iştirakçılarına bu mövzuda Polşa, Finladiya və digər Avropa Birliyi ölkələrinin təcrübəsi barədə də məlumat verildi. Dəyirmi masa iştirakçıları və ekspertlər bu məsələ ilə bağlı öz rəylərini açıqladılar.