25 İYUN 2026
Qadın işçilər arasında süd vəzi xərçənginin profilaktikasına dair maarifləndirmə tədbirləri keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi(İSİM) və Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində cari ilin 16, 18 və 24 iyun tarixlərində qadın işçilər arasında “Süd vəzi xərçənginin profilaktikası” mövzusunda silsilə maarifləndirici tədbirlər təşkil olunub. Görüşlər “ATS Food” MMC, Azərbaycan Milli Kitabxanası və Bakı Tekstil Fabrikinin qadın əməkdaşları üçün keçirilib. Tədbirlərdə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova çıxış edərək xəstəliyin erkən diaqnostikasının əhəmiyyəti, risk faktorları və qorunma yolları barədə ətraflı məlumat verib. Maarifləndirmə prosesi ilə yanaşı, Milli Onkologiya Mərkəzinin həkim-mammoloqları və USM (Ultrasəs müayinəsi) mütəxəssisləri tərəfindən iştirakçılar üçün ödənişsiz tibbi müayinələr təşkil edilib. Həkimlər qadınları müayinədən keçirərək onları maraqlandıran sualları cavablandırıblar. Sonda tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb.









