11 İYUN 2026
Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Qan Bankı və Şirvan Gənclər Evinin birgə əməkdaşlığı ilə 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş genişmiqyaslı ictimai maarifləndirmə tədbiri və qanvermə aksiyası keçirilib. Şirvan şəhərində təşkil edilən tədbirin məqsədi cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini formalaşdırmaq, əhalinin bu sahədə maarifləndirilmə səviyyəsini artırmaq və insanları mütəmadi qan verməyə təşviq etmək olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov giriş sözü ilə çıxış edərək, ölkəmizdə qan donorluğu mədəniyyətinin təbliği istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva qan donorluğu, eləcə də irsi qan xəstəlikləri və qohum evliliklərinin fəsadları barədə əhali arasında aparılan maarifləndirmə tədbirlərinin rolundan söz açıb. O bildirib ki, İSİM tərəfindən Bakıda və regionlarda təşkil olunan kütləvi tədbirlərdə donorluq təbliğ edilir və müntəzəm olaraq qan verməyin insan orqanizminə müsbət təsirləri diqqətə çatdırılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsinin müdiri Tahirə Hüseynova “Qan donorluğunun vacibliyi və cəmiyyət üçün əhəmiyyəti” mövzusunda çıxış edərək, bölgədə könüllü qan donorluğunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli “Sənin qanın möcüzəyə çevrilə bilər – Donorluğun sağlamlığa müsbət təsirləri” mövzusunda geniş təqdimatla çıxış edərək gəncləri donor olmağa çağırıb. Eyni zamanda, qan verməyin digərlərinin sağlamlığı ilə yanaşı, donorların da orqanizminə faydalı təsir göstərdiyini bir daha xatırladıb. Tədbir çərçivəsində təşkil olunan qanvermə aksiyasında gənclər yüksək fəallıq nümayiş etdirərək könüllü donor olublar. Aksiyanın gedişatında ən aktiv donorlara xüsusi hədiyyələr təqdim edilib. Humanist missiyanın iştirakçıları bu cür sosial-maarifləndirici təşəbbüslərin əhəmiyyətini yüksək qiymətləndirərək tədbir təşkilatçılarına dərin təşəkkürlərini bildiriblər. Sonda iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən “Qan ver, donor ol!”, “Qan ver, həyat xilas et!”, “Kim qan donoru ola bilər?” başlıqlı maarifləndirici materiallar paylanılıb, onlara sağlamlığın qorunması istiqamətində faydalı tövsiyələr verilib.









