11 İYUN 2026
“Şagirdlərin davranış qaydaları” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 2, 5, 52, 109, 149 və 279 nömrəli məktəblərdə “Şagirdlərin davranış qaydaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqla təşkil olunan görüşlərdə şagirdlərə dərsdə, məktəbdə düzgün davranış qaydaları izah edilib, həmyaşıdları ilə sağlam və pozitiv münasibətlər qurmağın əhəmiyyəti vurğulanıb. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin psixoloqu Aysel Musayeva çıxış edərək, məktəbliləri xoşrəftar, özünəinamlı və məsuliyyətli olmağa, fərqli təbiətə malik sinif yoldaşlarına anlayışlı münasibət göstərməyə çağırıb. O, daxili nizam-intizam qaydalarına riayət etməyin təkcə uğurlu təhsil mühiti deyil, həm də hər bir şagirdin fərdi inkişafı və psixoloji rahatlığı üçün mühüm zəmin yaratdığını diqqətə çatdırıb. Şagirdlərə rəqəmsal mühitdə və sosial şəbəkələrdə də bir-birinə qarşı hörmətlə yanaşmağın vacibliyi xatırladılıb. Yekunda məktəb mühitində nümunəvi davranışların formalaşdırılması üçün tövsiyələr verilib, iştirakçıların sualları cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.









