2 İYUN 2026
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə İSİM-in rəhbərliyi və əməkdaşları, uşaq hüquqlarının və uşaq sağlamlığının qorunması sahəsində çalışan ictimai səhiyyə mütəxəssisləri, həmçinin günün əsas qəhrəmanları olan uşaqlar iştirak ediblər. İSİM-in direktoru Səbinə Babazadə uşaqları təbrik edərək, hər birinə sağlam və xoşbəxt böyüməyi arzulayıb. O, ölkəmizdə uşaqların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu, böyüməkdə olan nəslin sağlam inkişafı, keyfiyyətli təhsili və mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
İSİM-in Həmkarlar İttifaqı Komitəsinin sədri Zümrüd Kazımova və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva 1 İyun tarixinin dünyada uşaqların hüquq və azadlıqlarının qorunması məqsədilə qeyd olunduğunu bildiriblər. Uşaqlara fərdi sağlamlığın qorunması, erkən yaşlardan gigiyena qaydalarına riayət olunması, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi və sağlam qidalanmanın faydaları barədə ətraflı məlumat verilib. Uşaqların hüquq və sağlamlıqlarının müdafiəsi istiqamətində İSİM tərəfindən həyata keçirilən tədbirlər və rəqəmsal layihələrdən söz açılıb. Azyaşlıların və valideynlərin diqqətinə çatdırılıb ki, gənc nəslin sağlam inkişafı üçün xüsusi olaraq hazırlanmış “Sağlam uşaq” portalı və eyniadlı mobil tətbiqi valideynlər, uşaqlar və müəllimlər üçün faydalı bir bələdçidir. Əsl bayram ovqatında təşkil edilən tədbirdə balacaların üzləri rəngbərəng rəsmlərlə bəzədilib, onların ifasında rəqslər nümayiş etdirilib, şeirlər səsləndirilib və musiqi alətlərində ifaları dinlənilib. Həmçinin uşaqlar üçün maarifləndirici-əyləncəli oyunlar, rəngarəng şou-proqramlar təşkil olunub. Yekunda tədbir iştirakçılarına hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.









