21 APREL 2026
Liseylərdə maarifləndirici tədbirlər təşkil olunub
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən lisey və gimnaziyalarda maarifləndirici tədbirlər keçirilib. Heydər Əliyev adına lisey, Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya, Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası, 160 nömrəli klassik gimnaziya, Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, 16 nömrəli texniki və humanitar fənlər liseyi, Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyası, Texniki-humanitar lisey, Zəngi liseyi və Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə təşkil edilən tədbirlərin məqsədi gənc nəsil arasında sağlam həyat tərzinin təşviqi olub.
İSİM-in əməkdaşları Nərmin Azadova və Şəhla Kazımova geniş təqdimatla çıxış edərək, şagirdlərə zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat veriblər. Yeniyetmələrə və gənclərə bütün növ tütün məmulatları, o cümlədən elektron siqaretlərdən uzaq olmaq tövsiyə edilib.
Tədbirlər interaktiv formatda keçirilib, şagirdlərin sualları cavablandırılıb, real həyat nümunələri və elmi faktlar əsasında müzakirələr aparılıb, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









