30 YANVAR 2026
İSİM-də veb saytların və mobil tətbiqlərin idarə olunması, informasiya təhlükəsizliyi üzrə təlim keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) veb saytların və mobil tətbiqlərin idarə olunması, informasiya təhlükəsizliyi, eləcə də innovativ texnoloji yeniliklərə dair təlim keçirilib. İSİM-in baş direktoru Səbinə Babazadə təlimin açılışında çıxış edərək, səhiyyənin rəqəmsallaşdırılmasının bu gün dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olduğunu və səhiyyə sistemində informasiya texnologiyalarının tətbiqi üzrə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb.
Təlim “SECOP MMC” texnologiya şirkətinin mütəxəssisləri tərəfindən keçilib. Şirkətin Backend proqramçısı Əlizamin Oruczadə, layihə menecerləri Aysel Murtuzayeva və Pəri Novruzova müasir dizayna və tam funksionallığa malik, sürətli veb saytların hazırlanması və idarə edilməsi, işçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və insan faktorundan yaranan risklərin azaldılması barəsində çıxış edərək, iştirakçıları məlumatlandırıblar.
Təlimdə İSİM tərəfindən əhalinin tibbi bilik və məlumatlılığının artırılması məqsədilə hazırlanaraq istifadəyə verilmiş mobil tətbiq və internet portallar ətrafındə geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində təkliflər dinlənilib.









