2 DEKABR 2025
“İnsult zamanı idarəetmə” mövzusunda təlimlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində nazirliyin 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim heyəti üçün “İnsult zamanı idarəetmə” mövzusunda təlimlər təşkil olunub.
Təlimlər tibb müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədini daşıyır və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Səhiyyə Nazirliyinin icraçısı olduğu bəndlər üzrə Tədbirlər Planı”nın 3.3.5.3-ci fəaliyyət istiqamətinin icrası çərçivəsində keçirilib.
Təlimlər Səhiyyə Nazirliyinin İnsult Layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova və İnsult Mərkəzinin böyük tibb bacısı Arzu Cəbrayılova tərəfindən aparılıb. İştirakçılara insult xəstələrinin idarə olunmasınınn ümumi prinsipləri, işemik və hemorragik insultların müalicəsi üzrə təlimatlar, zondların və kateterlərin taxılması və istifadəsi, insult xəstəsinin düzgün qidalandırılması və erkən reabilitasiyası üzrə faydalı və ətraflı məlumat verilib. Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə 9 DDT kredit ilə akkreditasiya olunmuş tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.









