19 NOYABR 2025
“Uşaqların müdafiəsi və təhlükəsizliyi” mövzusunda təlim keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların müdafiəsi və təhlükəsizliyi” mövzusunda təlim keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıqla təşkil olunan təlimdə dövlət və hökumət təşkilatları, qeyri-hökumət təşkilatları nümayəndələri, təhsil və səhiyyə işçiləri, psixoloqlar, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin mütəxəssisləri iştirak ediblər.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gənc nəslin sağlam inkişafının ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb. Bildirib ki, təlimin təşkilində məqsəd uşaqların sağlam böyüməsi və inkişafı, zoraklılıq və istismar hallarından qorunması istiqamətində məlumatlılığın artırılmasıdır.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Nərmin Əliyeva “Uşaqların sağlamlığının qorunmasındarəqəmsal innovasiyaların rolu” mövzusunda geniş təqdimatla çıxış edib, gənc nəsildə sağlam vərdişlərin formalaşdırılması, məktəblilərin düzgün yönləndirilməsi məqsədilə hazırlanan, uşaqlar, valideynlər, müəllim və təhsil işçiləri üçün geniş məlumat bazası olan “Sağlam uşaq” internet portalı, eləcə də mobil tətbiqi barədə ətraflı məlumat verib.
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru, psixoloq Vəfa Nəsirli uşaq travmaları və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə görülən işlərdən, zəng və müraciətlərdən söz açıb. Anonimliyin qorunduğunu vurğulayan V.Nəsirli Qaynar Xəttə yalnız uşaqlar deyil, uşaqların problemləri ilə bağlı hər kəsin müraciət edə biləcəyini diqqətə çatdırıb.
İSİM-in Təlim-resurs şöbəsinin əməkdaşı Lalə Babayeva “Uşaqların zorakılıq, kiberbullinq və cinsi istismardan müdafiəsi” mövzusunda ətraflı məlumat verib, uşaqlar üçün təhlükəsiz platforma və resursları vurğulayıb.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı aktual mövzuda təşkil olunan təlim iştirakçılarının müvafiq məlumat və materiallarla təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Paralimpiyaçı Taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB-nin sədri Aynur Məmmədova xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadığı travmalardan söz açıb, vaxtında göstərilən psixoloji dəstəyin vacibliyini diqqətə çatdırıb.
Yasamal Bələdiyyəsinin sədr müavini Emin Muxtarov, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri Ziba Nəbiyeva , “Səssiz dünya” İB-nin sədri Aida Səfərova çıxış edərək, müxtəlif qurumların, ailə, məktəb və mütəxəssislərin birgə əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.
Təlimdə uşaq hüquqlarının müdafiəsi və sağlamlığının qorunması ilə bağlı faydalı təcrübələr bölüşülüb, səmərəli fikir mübadiləsi aparılıb və iştirakçılara geniş çeşiddə maarifləndirici vəsaitlər təqdim olunub.









