1 OKTYABR 2025
1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr edilmiş dəyirmi masa təşkil olunub.
Dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, səhiyyə müəssisələri və ictimai birlik nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi cəmiyyətin diqqətini ahıl əhalinin aktual problemlərinə yönəltmək, bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq olub.
İSİM-in direktoru Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək, hər il bütün dünyada, o cümlədən ölkəmizdə qeyd olunan 1 oktyabr - Beynəlxalq Ahıllar Gününün mahiyyəti, ictimai səhiyyə aspektləri, ahıl əhalinin sağlamlığı və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev yaşlı insanlara, ahıl vətəndaşlara dövlət qayğısının ildən-ilə artırıldığını vurğulayaraq, yaşlı əhalinin tibbi və sosial problemləri, ahılların inkluzivlik məsələləri, qlobal demoqrafik dəyişiklik fonunda son beş ilin statistikasını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Gülşən Paşayeva bildirib ki, Azərbaycanda yaşlı nəslin nümayəndələrinin rifahının təşviq edilməsi, ahılların ictimai sahələrdə aktiv iştirakı məqdəsilə Dövlət başçısı tərəfindən müvafiq fərman və sərəncamlar imzalanır, ölkəmizdə müxtəlif proqramlar icra olunur.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli Azərbaycanda demoqrafik göstəricilər barədə məlumat verərək, orta ömür uzunluğu, 60-80+ yaş əhalinin say dinamikası barədə statistik göstəriciləri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlam qocalma haqqında hesabatını iştirakçıların diqqətinə çatdırıb.
Bakı Herontologiya Mərkəzinin rəhbəri Nailə Əhmədova qurumun fəaliyyət istiqamətləri, aparılan araşdırmalar, mərkəzdə həyata keçirilən müalicə-profilaktika tədbirləri ilə bağlı geniş məlumat verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Samira Ramazanova TƏBİB-in tabeliyindəki tibb müəssisələrində yaşlı insanlar üçün tibbi, psixoloji xidmətlərin təşkili ilə bağlı görülən işlərdən danışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafik inkişaf məsələləri sektorunun məsləhətçisi Ayan İsmayılova DOST Agentliyi, Ahıl şəxslər üçün Sosial Xidmətlər Müəssisəsi, Günərzi qayğı mərkəzlərinin fəaliyyət göstərdiyini və ahıl şəxslərin asudə vaxtlarının səmərəli təşkili üçün həmin müəssisəsilərdə müasir tələblərə uyğun şərait yaradıldığını vurğulayıb.
İSİM-in İlkin Səhiyyə və ailə təbabəti şöbəsinin müdir müavini Lalə Məmmədova İSİM tərəfindən 2020-ci ildə həyata keçirilmiş “Ailə həkimləri arasında ahıl pasiyentlərə xidmətin göstərilməsinə dair aparılmış Sorğu”nun nəticələrinə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran ahılların müalicə, reabilitasiya, sosial yardım və maarifləndirməsinə, “Güvən” Dayə xidməti İctimai Birliyinin rəhbəri Sara Şavaqatova bu əhali qrupunun baxım və yardım məsələlərinə diqqəti yönəldib.
Dəyirmi masada yaşlı insanlar üçün tibbi xidmətin təşkili, sektorlararası əməkdaşlıq və s. mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb. ATU, ÜST, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi nümayəndələri və digər iştirakçılar tərəfindən faydalı təkliflər səslənib, müvafiq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.









