25 İYUN 2024
26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı ilə Lənkəran şəhərində 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva açaraq gənclər arasında maarifləndirilmənin əhəmiyyətini vurğulayıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Narkomaniyaya yox deyək!” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə geniş məlumat verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov çıxış edərək, cəmiyyətin gənclər ilə daha sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına ehtiyac olduğunu bildirib.
Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilən “Əlvida mənim dostum” və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan “Narkotiksiz həyat seç!” sosial çarxları nümayiş olunub və mövzuya aid maarifləndirici materiallar paylanılıb.