16 MAY 2024
“İqlim dəyişikliyinin sağlamlığa təsiri: hərəkətə keçmək zamanıdır!” mövzusunda vebinar keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin sağlamlığa təsiri: hərəkətə keçmək zamanıdır!” mövzusunda vebinar keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” və Avropa İctimai Səhiyyə Həftəsi çərçivəsində təşkil olunan virtual müzakirənin məqsədi iqlim dəyişikliyinin sağlamlığa təsiri haqqında səhiyyə işçiləri və əhali arsında məlumatlılığı artırmaqdır.
Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən aparılan bu müzakirədə səhiyyə siyasətçiləri, ictimai səhiyyə mütəxəssisləri, hər yaşda olan icma üzvləri iştirak ediblər.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri doktor Hande Harmancı, İSİM-in direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək, qeyri-sabit hava və iqlim dəyişikliyinın ətraf mühitə, canlı aləmə təsirindən söz açıblar. Vurğulanıb ki, hazırda qlobal bir problem kimi dünya ölkələrini narahat edən iqlim dəyişmələri insanların sağlamlığına təhlükəli təsir göstərir, bir sıra xəstəliklərin baş verməsi və ya inkişafına səbəb olur.
ÜST-nin Avropa Ofisinin nümayəndəsi, ictimai səhiyyə üzrə ekspert Emilia Araqon De Leonun moderatorluğu ilə aparaılan panel müzakirələrdə beynəlxalq və yerli mütəxəssislər çıxış ediblər. ÜST-nin Yaşayış və iş mühitləri üzrə proqram meneceri Dorota Yarosinska, Almaniyanın Heydelberq Universitetinin nümayəndəsi, Baş tədqiqatçı Patrisia Nayna Şverdtl, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun müəllimi, tədqiqatçı Nəzrin Bağırova və İSİM-in Səhiyyə texnologiyaları teletəbabəti şöbəsinin müdiri Samir Mehdiyevin qeyri-sabit havaların ətraf mühitə və sağlamlığa təsirlərini əks etdirən təqdimatları izlənilib.
Panel müzakirələrdə səmərəli fikir mübadiləsi aparılıb, faydalı məlumatlar və resurslar paylaşılıb.