16 APREL 2024
Tələbələr yuxu pozğunluqları və diqqət dağınıqlığı ilə bağlı maarifləndiriliblər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün maarifləndirici tədbirlər təşkil olunub.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və həmin şöbəninmüavini Zümrüd Kazımova gənclərə oturaq həyat tərzinin zərərləri, yuxu pozğunluğu, diqqət dağınıqlığı və s. mövzularda ətraflı məlumat verib, onlara sağlamlıqlarına məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.
Gənc nəsli sağlamlığın qorunması barədə məlumatlandırmaq məqsədilə təşkil olunan tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.