30 DEKABR 2023
Müəllimlər üçün “Sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi” mövzusunda seminar keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə 30 dekabr 2023-cü ildə müəllimlər üçün “Sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi” mövzusunda seminar keçirilib.
Seminarın təşkilində əsas məqsəd əhali arasında sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı məlumatlılığı artırmaq, gənc nəslin sağlam böyüməsi və inkişafında müəllimlərin vacib rolunu bir daha vurğulamaq idi.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva əhali arasında sağlam həyat tərzinin təbliğ və təşviq edilməsinin ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb və bu məqsədlə hazırlanan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib. Uşaq, valideyn və müəllimlər üçün nəzərdə tutulan portalın müəllimlər üçün faydalı məlumat bazası olduğu bildirilib, “Məktəblilərin sağlamlığı”, “Sağlam qida”, “Zərərli vərdişlər” və s. mövzular üzrə bölmələr xüsusilə diqqətə çatdırılıb.
İştirakçılara tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq tövsiyə edilib, “fast-fud” və tez hazırlanan digər qida növlərinin sağlamlığa mənfi təsirləri izah olunub. Bir daha vurğulanıb ki, “əlüstü yemək”lər, şirin qazlı içkilər, çox yağlı və duzlu qidalar immun sisteminin zəifləməsinə, artıq çəki və piylənməyə səbəb olur, şəkərli diabet, ürək-damar və sinir sistemi xəstəliklərinin inkişafına şərait yaradır.
Düzgün və balanslı qidalanma, qida təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim olunub.