15 DEKABR 2023
“Həyatının memarı-Sən özünsən” mövzusunda maarifləndirici görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Elm və Təhsil Nazirliyi dəstəyi ilə 14 dekabr 2023-cü ildə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə “Həyatının memarı-Sən özünsən” mövzusunda məktəb-valideyn icmasının üzvləri, uşaq birliyi rəhbərləri və psixoloqlar ilə birgə maarifləndirici görüş keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nailə İbrahimova, Valideyn-Müəllim Assosasiyasının sədri Şahin Rəcəbov, Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin direktoru Zinyət Tağıyeva zərərli vərdişlərin mənfi təsirindən danışıblar.
Çıxışlarda gənclərin elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs olunub.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edərək, narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib.
İştirakçılara öz sağlamlıqlarına məsuliyyətlə yanaşmaq, sağlam həyat tərzi keçirmək tövsiyə olunub və onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.