15 NOYABR 2023
14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə 14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunan aksiya keçirilib. Tədbirdə ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində qəbul edilən dövlət proqramları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzini təbliğ edən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, aksiyanınməqsədi şəkərli diabet xəstəliyi və onun profilaktikası barədə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin səviyyəsinin müəyyən olunması) dəvət edilib. Vurğulanıb ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi meydana çıxır. Bu isə, orqanizmin əksər sistemlərinin zədələnməsinə səbəb olur. Şəkərli diabetin əsas risk amillərinə isə, artıq çəki, azhərəkətlilik, yaxın qohumlarda xəstəliyin olması, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, stres, qeyri-sağlam qidalanma və s. faktorlar aiddir. Aksiyada həmçinin, düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib. Bu mövzulara dair İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb. Ümumdünya Diabetlə Mübarizə Günü 1991-ci ildən etibarən dünyanın 160-dan çox ölkəsində, o cümlədən Azərbaycanda hər il müxtəlif tədbirlərlə qeyd edilir, diabetdən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.