0 0
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının birgə əməkdaşlığı ilə 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Hərəkətdə ol!” şüarı ilə maarifləndirici aksiya təşkil edildi.
Zabit və kursantların iştirakı ilə keçirilən aksiyanın təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək idi.
Sağlam həyat tərzi keçirmək, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq barədə aksiya iştirakçıları ilə maarifləndirici söhbət aparıldı, onların boyu, çəkisi ölçüldü. Bir daha vurğulandı ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi bildirildi, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin əhəmiyyəti tövsiyə olundu.
6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününün hər il ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunduğu və günün builki şüarının “Aktiv ol! Xoş gün keçir!” olduğu diqqətə çatdırıldı. Aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar paylanıldı, əyləncəli idman yarışması keçirildi və qaliblərə hədiyyələr təqdim olundu.
Şəkillər