21 İYUL 2022
“Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin birgə əməkdaşlığı ilə 20 iyul 2022-ci ildə “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib. İSİM-də təşkil olunan görüş USAİD-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində baş tutub.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək, görüşün əhəmiyyətini vurğulayıb və bu layihənin həyata keçirilməsini ictimai iştrakçılığa açılan bir qapı olduğunu bildirib: “İctimai iştrakçılıq qanunla tənzimlənən qaydalara əsaslanır və kommunikasiya əlaqələrinə söykənir. Ona görə ictimaiyyətlə kommunikasiya əlaqələrinin qurulması dövlət qurumlarının işinə həm kömək, həm də dəstəkdir”. USAİD-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsinin rəhbəri Məhəmməd Quluzadə QHT-lərlə dövlət qurumlarının səmərəli əməkdaşlığını vurğulayaraq, layihə çərçivəsində keçirilən müxtəlif tədbirlər və fəaliyyətlər barədə ətrafli məlumat verib.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” layihəsinin rəhbəri Ziba Nəbiyeva keçirilən görüşün birgə əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib: “Bu layihənin məqsədi səhiyyə yönümlü QHT-lər, səhiyyə mütəxəssisləri arasında ictimai iştirakçılığın qanunvericilik bazasının təbliği və bu istiqamətdə potensiallarının gücləndirilməsi, onların ictimai şuralarda təmsilçiliyinin təbliğ edilməsi və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasıdır”. O qeyd etdi ki, layihə çərçivəsində peşəkar assosiasiyalar və pasiyent təşkilatlarının nümayəndələri ilə əlaqə saxlanılıb, onların ictimai iştirakçılıq prosesi barədə məlumatlılığı, ictimai şuralarda təmsil olunmaq maraqları dinlənilib və mövzu üzrə maarifləndirilməsi aparılıb. Eyni zamanda, FB sosial şəbəkə üzərində QHT-lərin bir-birini tanıması və əməkdaşlıq etməsi imkanlarını artıran “İctimai səhiyyə üzrə əməkdaşlıq Platforması” adlı qrup yaradılıb.
Layihənin növbəti mərhələsində ictimai şuraların fəaliyyətinin, keçirilən seçkilərin şəffaflığının dəyərləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri arasında sorğu aparılıb və nəticələr əsasında tövsiyələr hazırlanıb. “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev geniş təqdimatla çıxış edərək, ictimai iştirakçılığı əks etdirən dəyərlər, onun məqsəd və formaları, səhiyyədə tətbiqi, ictimai şuraların formalaşması, seçkilər prosesi, şura üzvləri və qurum arasında qarşılıqlı effektiv münasibətlərin yaradılması və digər məsələlər barədə ətraflı məlumat verib. Görüşdə səmərəli fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilib və verilən suallar cavablandırılıb.
Şəkillərlə burada tanış olmaq olar.