17 SENTYABR 2021
İSİM-də “Yenidoğulmuşlarda tənəffüsə dəstək” kitabının təqdimatı oldu
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 17 sentyabr 2021-ci il tarixdə “Yenidoğulmuşlarda tənəffüsə dəstək” kitabının təqdimatı oldu. Türk dilindən Azərbaycan dilinə çevrilərək çap olunan kitabın nəşrində məqsəd Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri, həkim, həkim-rezidentlərin ana dilində daha çox ədəbiyyat oxuya bilməsinə dəstək olmaqdır.
Təqdimat mərasiminə onlayn qoşulan Ankara Tibb Universitetinin professorları – Ömer Erdeve və Esin Koç tədbir iştirakçılarını salamlayaraq, bu vəsaitin tibb işçiləri üçün əhəmiyyətini vurğuladılar. Səhiyyə Nazirliyinin Baş neonatoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri Rüstəm Hüseynov dəstəyə görə türkiyəli mütəxəssislərə təşəkkür edərək nəzərə çatdırdı ki, həkimlər ağır vəziyyətdə olan xəstələrdə tənəffüs pozulması halları ilə tez-tez rastlaşırlar: “Əminəm ki, bu kitab neonatoloqlarımızın yüksək səviyyəli mütəxəssis olmasına kömək edəcək və nəcib işlərində yardımçı olacaq”. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Təranə Göyüşova, İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova və həmin şöbənin həkim-metodisti Şəlalə Həsənova çıxış edərək bildirdilər ki, tənəffüsün fiziologiyası, tənəffüsə dəstək prinsiplərinin çox aydın tərzdə izah olunduğu kitab ATU tələbələri, həkim rezidentlər üçün qiymətli vəsaitdir.
Qeyd edək ki, Azərbaycan dilindəki nəşrin bütün hüquqları “Uptodate İn Medicine” şirkətinə aiddir və Türk Neonatoloji Dərnəyi ilə bağlanmış müqavilə ilə tənzimlənir. Türk dilindəki nəşrin redaktorları professorlar - Eren Özek, Mehmet Vural və Esin Koçdur. Azərbaycan dilindəki nəşrin redaktorları: Səhiyyə Nazirliyinin Baş neonatoloqu Rüstəm Hüseynov, İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, t.ü.f.d. Nabil Seyidov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı, İSİM-in həkim-metodisti Şəlalə Həsənova, Mərkəzi Gömrük Hospitalının pediatr-neanatoloqu Təranə Göyüşovadır.
Kitabın müəllifləri tanınmış türkiyəli mütəxəssislər: Didem Aliefendioglu, Saadet Arsan, Aytuğ Atıcı, Emre Canpolat, Yalçın Çelik, Zeynep İnce, Hasan Ozkan, Hilal Ozkan, Aslı Çınar Memişoğlu, Şule Yiğit və Funda Tuzundur.
Təqdimat mərasimindən sonra kitabın nüsxələri İSİM-in kitabxanasına təqdim olundu.